“Mən Trampı debatlarda səbirsizliklə gözləyirəm” – Kamala Harris
“ABŞ prezidentliyinə namizədlərin debatları sentyabrın 10-da “ABC News” telekanalında keçiriləcək…”
Tramp Harrislə debatlara razılıq verib, Harris prezident yarışmasında onu geridə qoyur
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp vitse-prezident Kamala Harrislə sentyabrın 10-da “ABC News” telekanalında debatlarda iştirak etməyə razılıq verib, hərçənd, bundan öncə digər tarix və digər kanal barəsində bəyan edib.
Bu barədə “ABC News” telekanalı “X” sosial şəbəkəsində avqustun 8-də məlumat verib.
“ABC News” sentyabrın 10-da prezidentliyə namizədlərin tələblərə uyğun olaraq debatlar keçirəcək. Vitse-prezident Kamala Harris və sabiq prezident Donald Tramp ABC-də debatlarda iştirak edəcəklərini təsdiq edib”, – məlumatda deyilir.
Harris həmçinin bunu təsdiq edib. “Mən eşitmişəm ki, Donald Tramp, nəhayət, mənimlə sentyabrın 10-da debatlar keçirməyə razılaşıb. Mən onu səbirsizliklə gözləyirəm”, – o, “X” sosial şəbəkəsində yazıb.
Bundan öncə Tramp bəyan edib ki, Harrislə debatlar sentyabrın 4-də Pensilvaniyada keçiriləcək və respublikaçılara yaxın hesab edilən “Fox News” telekanalı tərəfindən yayımlanacaq.
Harris cavabında bəyan edib ki, bundan öncə Tramp sentyabrın 10-da Demokratlar Partiyasından namizədlə (o zaman Co Bayden öz namizədliyini irəli sürməyi planlaşdırıb) “ABC News” telekanalında debatlara razılaşıb.
Bu arada isə bəlli olub ki, Harris prezident yarışmasında Trampı daha da geridə qoyub. Bunu “İpsos” tərəfindən keçirilən sorğunun avqustun 8-də dərc edilən nəticələri göstərib.
Rəyi soruşulanların 42 faizi Harrisə, 37 faizi isə Trampa dəstək verib. Beləliklə, dəstək fərqi 5 faiz təşkil edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bu zaman sorğu göstərib ki, seçicilərin əksəriyyəti Trampla bağlı fikirlərində Harrislə müqayisədə “vətənpərvər” sözü (o, bu sözdən özünün seçkiöncəki nitqlərində tez-tez istifadə edir) və “qəribə” sözü ilə (bu sözdən Harrisin tərəfdarları son həftələr Trampı məsxərəyə qoymaq üçün istifadə edib) ilə əlaqələndirib.
Ümumilli sorğu 2045 amerikalı arasında avqustun 2-7-də onlayn formatda keçirilib və 3 faizədək xətaya malikdir.