İsrail tərəfidən öldürülən HƏMAS liderləri… – Əksəriyyəti bu üsulla aradan götürülüb

 

Məlum olduğu kimi, HƏMAS müqavimət hərəkatının lideri İsmayıl Haniyə İranın paytaxtı Tehranda yerləşən iqamətgahına təşkil olunan hava hücumu nəticəsində həlak olub. Haniyənin müəmmalı qətlinin təfərrüatları tam məlum olmasa da, İranın rəsmi orqanları onun İsrail gücləri tərəfəindən təşkil olunan hücum nəticəsində həlak olduğunu bəyan ediblər.

Qeyd edək ki, bundan əvvəl də İsrailin kəşfiyyat orqanları tərəfindən HƏMAS rəhbərlərinə qarşı dəfələrlə bu tip əməliyyatlar keçirilib və hərəkat liderlərinin bir çoxu elə bu hücumlar nəticəsində həyatlarını itiriblər.

İsrail hücumları nəticəsində həlak olan HƏMAS liderlərini təqdim edirik:

 

 

Yəhya Əbdüllətif Ayyaş

1966-cı ildə İordaniyada anadan olan Yəhya Əbdüllətif Ayyaş universiteti bitirdikdən sonra magistratura və doktorantura təhsili almaq üçün xaricə getmək istəsə də, İsrail hökuməti onun ölkədən çıxmasına icazə verməyib. Bu səbəbdən də o, Fələstini tərk edə bilməyib və Qəzzada məskunlaşıb. Daha sonra Fələstin müqavimət hərəkatına qoşulub. Qısa zaman ərzində HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının aparıcı simalarından birinə çevrilib. Partlayıcı maddələrin hazırlanması üzrə ixtisaslaşan Ayyaş, həmin dönəm HƏMAS-ın bombalı hücumlarının baş memarlarından biri hesab olunurdu. 1993-cü ildən ölümünə qədər HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi bir çox bombalı hücumların arxasında duran şəxs kimi tanınan Ayyaş HƏMAS-ın hərbi cəhətdən güclənməsində böyük işlər görüb.

Ayyaş İsrailin Şin-Bet kəşfiyyat təşkilatı tərəfindən öldürülüb. Belə ki, onun Qəzzada uşaqlıq dostu Usamə Həmədin evində qaldığını öyrənən İsrail qüvvələri əvəlcə əmisi Kamil Həmədlə əlaqəyə keçiblər. Şin-Bet Kamil Həmədi agent kimi öz tərəfinı çəkib, sonra Ayyaşa verməsi üçün ona telefon ötürüblər. Şin-Bet agentləri Kamil Həmədə həmin telefonla Ayyaşı dinləyəcəklərini bildirsələr də, əslində mobil telefonda partlayıcı qurğu olub. 5 yanvar 1996-cı ildə atası tərəfindən Ayyaşa edilən zəngdən sonra parlayıcı qurğu işə salınıb və HƏMAS rəhbəri partlayış nəticəsində həlak olub.

 

 

Şeyx Əhməd Yasin

Şeyx Əhməd Yasin 1937-ci ildə Fələstinin Əsqalan şəhərinin Əl-Cəvra kəndində anadan olub. 1967-ci ildə bütün Fələstin İsrail işğalçılarının əlinə keçəndən sonra insanlar vətənlərini xilas etmək üçün apardıqları mübarizədə onlara rəhbərlik edəcək birini axtarmağa başlayanda Şeyx Əhməd Yasin ön plana çıxıb. Şeyx Əhməd Yasin Qəzzada İslam Mərkəzini qurduqdan sonra məşhurlaşıb və adı bütün Fələstində eşidilməyə başlanıb. Bu, İsrail hökumətini narahat etdiyindən ona qarşı əməliyyat başladılıb. 1984-cü ildə aparılan istintaqın sonunda Əhməd Yasin İsrail dövlətini dağıtmaq və onun yerində İslam dövləti qurmaq üçün çalışdığı bəhanəsilə 13 il müddətinə həbs cəzasına məhkum edilmiş, lakin 11 ay sonra azadlığa buraxılmışdır. Daha sonra İsrail gücləri 1989-cu il mayın 18-də Şeyx Əhməd Yasini yenidən həbs edib, 8 ildən sonra isə azad ediblər. Əhməd Yasin 2004-cü il martın 22-də əlil arabasında səhər namazını qıldığı məsciddən çıxarkən İsrail Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində öldürülüb.

 

Əbdüləziz ƏL-Rantisi

Fələstinli siyasətçi Əbdüləziz Rantisi 23 oktyabr 1947-ci ildə Fələstinin Yibna şəhərində anadan olub. Misirdə universitet illərində Müsəlman Qardaşlar Hərəkatına qoşulub və Qəzzada hərəkatın təşkilində iştirak edib. Rantisi Şeyx Əhməd Yasinlə birlikdə 1987-ci ilin dekabrında Qəzza zolağında Fələstin Müqavimət Hərəkatını (HƏMAS) qurub. 1983-1998-ci illər arasında dəfələrlə İsrail tərəfindən həbs edilən HƏMAS lideri 27 ay həbsdə yatıb. Rantisi 1992 və 2003-cü illərdə İsrailin sui-qəsd cəhdindən sağ çıxmağı bacarıb. O, 2004-cü il aprelin 17-də Qəzzada İsrail hava qüvvələrinin hava hücumu nəticəsində həlak olub.

 

 

Salih Əl-Aruri

Aruri 1966-cı il avqustun 19-da o zaman İordaniyanın nəzarətində olan İordan çayının qərb sahilindəki Ramallah şəhəri yaxınlığındakı Arura qəsəbəsində anadan olub. Universitet illərində islamşünaslıqla məşğul olan Aruri universitetdə İslam tələbə hərəkatına rəhbərlik edib. Aruri 80-ci illərin sonlarında universiteti bitirib və bu dövrdə HƏMAS-a qoşulub. Aruri xüsusilə İordan çayının qərb sahilində HƏMAS-ın güclənməsinin aparıcı aktyorlarından birinə çevrilib və fəaliyyətinə görə 1990-cı ilin noyabrında İsrail tərəfindən həbs edilib. O, 2010-cu ildə İsrail tərəfindən Suriyaya deportasiya edilib. Bir müddət Suriyada qaldıqdan sonra Türkiyə, Qətər və Malayziya kimi ölkələrdə yaşayıb, sonra isə Livanda məskunlaşıb. Aruri 2010-cu ildə HƏMAS-ın Siyasi Bürosunun üzvü seçilib. 2017-ci ilə qədər bu vəzifədə qalan Aruri 2017-ci ildə Siyasi Büro rəhbəri İsmayıl Heniyənin köməkçisi olub. 7 oktyabr 2023-cü ildə başlayan “Əqsa tufanı” əməliyyatından sonra İsrailin hədəf aldığı Həmas liderlərindən olan Salih Aruri İsrailin Livanın paytaxtı Beyrutun cənub məhəllələrində həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirib.

 

 

İsmayıl Haniyə

İ. Haniyə 1963-cü ildə Qəzza zolağındakı Elşatı qaçqın düşərgəsində anadan olub. İbtidai və orta təhsilini Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən maliyyələşdirilən Fələstin düşərgələrində açılan məktəblərdə başa vurub. O, orta məktəb illərində Müsəlman Qardaşlar Hərəkatına qoşulub. Bunununla yanaşı, İslamçı Tələbələr Dərnəyində siyasi işlər də həyata keçirib. İsmayıl Haniyə İslam Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirib. O, 1992-ci ildə HƏMAS hərəkatının 415 üzvü ilə birlikdə Cənubi Livana sürgün edilib. 2001-ci ildə azadlığa çıxandan sonra ölkəsinə qayıdıb. Bu müddət ərzində İsmayıl Haniyə İntifada Koordinasiya Komitəsində Həmas təmsilçisi təyin edilib. İsmayıl Haniyə,2 iyun 2014-cü ildən 2017-ci ilin 13 fevralına qədər Qəzza zolağı administrasiyasının rəhbəri vəzifəsində çalışıb. O, 2017-ci il mayın 6-dan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri idi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password