ABŞ Putini devirməyə niyə cəhd etmir? – “Bunun hansı nəticələrə gətirəcəyilə bağlı bir sıra suallar var”

 

Ukraynada bu ölkəyə qarşı işğalçılıq müharibəsinə başlayan və bununla da yüzminlərlə ukraynalının, o cümlədən uşaqların, qadınların, qocaların ölümünə, milyonlarla insanın qaçqın düşməsinə, şəhərlərin, kəndlərin viran qoyulmasına görə birbaşa cavabdeh olan Rusiya Prezidenti Vladimir Putinin fiziki məhvini arzulayanlar olduqca çoxdur. Lakin bunu həyata keçirmək bir tərəfdən heç də asan deyil, digər tərəfdən isə bu, dünya güclərinə sərf etmir.

“ABŞ və ümumilikdə Qərb ölkələri Vladimir Putini öldürməyə, Rusiyada Putin əleyhinə çevriliş etməyə cəhd etməyəcəklər”.

Bunu Corctaun Universitetinin (ABŞ) Xarici Xidmətlər Məktəbinin kəşfiyyat üzrə professoru Duqlas London “Foreign Policy” nəşrinə yazdığı məqalədə bildirib.

 

 

 

 

 

 

 

Onun sözlərinə görə, ABŞ-nin Putini sıradan çıxarmaq üçün hərəkətə keçməsi ehtimalı potensial risk və faydalar balansından asılıdır: “Xüsusilə, Putinin vəzifədən kənarlaşdırılmasının hansı nəticələrə gətirəcəyilə bağlı bir sıra suallara cavab vermək lazımdır:

– Rusiyadan ABŞ və onun müttəfiqləri üçün təhlükənin azalıb-azalmayacağı;

– Rusiyanın Ukraynadan qoşunlarını çıxarıb-çıxarmayacağı;

– Rusiya daha qatı düşmən və daha az proqnozlaşdırıla bilən olacaqmı?”

Professor qeyd edir ki, Vladimir Putin intriqa, yalan və hədə-qorxuya meylli olmasına baxmayaraq, kifayət qədər proqnozlaşdırıla biləndir. Bununla belə, onu da nəzərə almaq lazımdır ki, ABŞ-nin xarici dövlətlərin yüksək vəzifəli şəxslərinə İran, Çili və Kubada uğurlu və uğursuz sui-qəsd cəhdləri olub. Lakin İranda Məhəmməd Musaddiqin, Çilidə Salvador Alyendenin, Kubada Kastronun aradan qaldırılması əməliyyatları məhz bu ölkələrin daxili müxalifəti tərəfindən həyata keçirilib və ABŞ onlara ancaq müəyyən qədər töhfə verib.

Duqlas London qeyd edir ki, keçmiş səhvlərindən dərs çıxaran ABŞ adətən şərti düşmənlə mövcud status-kvonu saxlamağa meyllidir. Bu yanaşmanın məntiqini İraqda Səddam Hüseynin devrilməsi, bunun ardınca Yaxın Şərqdəki xaos və İŞİD kimi yeni güclü terror hərəkatlarının meydana çıxması şərtləndirir. Hətta “ərəb baharı” da Amerikanın İraqa təcavüzünün birbaşa nəticəsi hesab olunur. Mütəxəssis qeyd edir ki, Əfqanıstanda güc yolu ilə qərbyönlü rejim qurmaq cəhdi də tamamilə iflasa uğradı. 20 illik mənasız hərbi xərclərdən və çoxlu qan tökülməsindən sonra Əfqanıstan, nəhayət, Talibanın tam nəzarətinə qayıtdı: “Məlum status-kvonu qəbul etmək meyli həmin ölkə nüvə silahı ilə silahlandıqda daha da güclənir. Rusiyaya gəlincə, hətta ən ideal şərtlər daxilində ABŞ hökumətinin Putini devirəcəyi və bunda iştirakını gizlədə biləcəyi halda belə, kim əmindir ki, onu (Putini) daha stabil və ABŞ ilə daha az düşmənçilik edən rəhbərlik əvəz edəcək?”

Duqlas London onu da vurğulayır ki, Rusiyada hakim təbəqə xüsusi xidmət orqanlarının və digər təhlükəsizlik qüvvələrinin ciddi nəzarəti altındadır. Bütün əsas rəhbər vəzifələr Putinin çoxdankı dostlarına həvalə olunub, onlar isə şəxsən Putinə sadiqdirlər və buna görə səxavətlə mükafatlandırılırlar: “Üstəlik, ideoloji cəhətdən onlar Rusiya hökmdarının tam həmfikirləridir – Qərbə düşməndirlər və imperiyanı bərpa etmək arzusundadırlar”.

London əlavə edib ki, eyni zamanda, 50 minə yaxın əməkdaşı olan ayrıca bir kəşfiyyat xidməti Putinin şəxsi təhlükəsizliyinə cavabdehdir: “Bundan əlavə, Putinin özü paranoikdir və öz təhlükəsizliyindən həddən artıq narahatdır”.

Xatırladaq ki, bir müddət əvvəl bu mövzuda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da danışıb. O, Putini öldürmək cəhdlərinin olduğunu, lakin bunların uğursuz alındığını deyib. Ancaq Budanov Putini konkret olaraq kimin öldürməyə cəhd etdiyini açıqlamayıb və qeyd edib ki, bu cür cəhdlər Rusiya elitasında mövcud vəziyyətlə bağlı narazılıqlardan xəbər verir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password