Universitetlərdə dövlət sifarişli tələbə yerləri problemlə üzləşib…

 

Elmin Nuri: “Gələcəkdə blok imtahanları da buraxılış imtahanı kimi nisbətən sadələşdirilməlidir”

Elm və təhsil naziri Emin Əmrullayev bir müddət öncə qeyd edib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq. Qeyd edək ki, plan yerlərinin təxminən yarısından bir az çoxu dövlət sifarişi və ya dövlət hesabına təhsil alanlar üçün nəzərdə tutulur. Nazir plan yerlərinin 50 faizindən çoxunun dövlət sifarişli olacağını diqqətə çatdırıb. 

Ekspertlər hesab edir ki, bu il abituriyentlərin nəticələri plan yerlərinə adekvat olmayacaq, böyük sayda plan yerləri boş qalacaq. Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsində 60 minə yaxın qəbul plan yeri ayrılıb və bu keçən illə müqayisədə kifayət qədər çoxdur: “Bu da universitetlərə qəbul sayına ciddi şəkildə öz təsirini göstərəcək”

Onu da qeyd edək ki, bu il universitetlərə dövlət sifariş yerlərinin xeyli hissəsinin boş qalacağı deyilir. Maraqlıdır, dövlət sifariş yerləri niyə dəqiq təyin olunmur?   Boş yerlər niyə  ləğv olunmur?

“Bu il dövlət sifarişli plan yerlərin çox hissəsi boş qalacaq, bu gözləniləndir”

Təhsil eksperti Elmin Nuri “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq. Plan yerlərinin arasında dövlət sifarişli yerlərin sayı artırılacaq: “Plan yerləri universitetə qəbulun gizli şifrəsidir. Bu çox ciddi analiz tələb edən bir detaldır. Bu gün əmək bazarı, istehsalat və ixtisas dünyası, elm və marketinqlərinin əsas  açarı plan yerlərində gizlənib. Bir ixtisasa nə qədər dövlət ehtiyatlı plan yeri ayrılırsa bir neçə ildən sonra həmin ixtisaslarla bağlı kadr ehtiyatı məlum olur. Məsələn, ötən il komputer mühəndisliyi ixtisası üzrə 800  yer ayrıldı. Digər pedaqoji ixtisaslara isə plan yerləri azaldı. Bu o deməkdir ki, bizdə bir neçə ildən sonra peşəkar komputer mühəndisləri olacaq. Bu günün plan yeri  gələcəyin kadr kəmiyyətidir”.

Həmsöhbətimiz hesab edir ki, bu il dövlət sifarişli plan yerlərin çox hissəsi boş qalacaq. Bu gözləniləndir: “Təəssüf hissilə bildirim ki, bu il blok imtahanları, xüsusəndə ikinci cəhd blok imtahanları xeyli mürəkkəb təyin olundu. Buraxılış imtahanı keçirilən zaman sevinmişdik ki, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında ümumi razılaşma əmələ gəlib və sualların hazırlanma mexanizmi vahid tədris proqramına uyğunlaşdırılıb.  Nəticədə buraxılış imtahanında uşaqlarımız yaxşı nəticə göstərdi. Hətta rekord göstərici belə qeydə alındı, 54 şagird yüksək nəticə göstərdi. Ancaq blok imtahanı zamanı əks proses baş verdi. Cəmi 2 nəfər yüksək bal topladı. Blok imtahanlarının bu cür təşkili onu göstərdi ki, bir çox şagirdlər 100 ballıq səddi keçə bilmədi. Blok imtahanında 100 ballıq sədd keçə bilinməyəndə yalnız bir neçə ixtisas var ki, onları seçmək mümkündür. Məsələn, birinci ixtisas qrupu üzrə zoologiya, balıqçılıq, şərabçılıq, meliorasiya mühəndisliyi və digər ixtisaslar seçilə bilər. İki və üçüncü ixtisas qrupları üzrə cəmi 4-5 ixtisas seçilə bilər. Abituriyent buraxılış imtahanından 350 bal yığsa belə hər hansı bir ixtisas seçə bilməz. Çünki blok imtahanında zəif nəticə göstərib. Belə olan halda dövlət ixtisaslı plan yerlərinin sayı az olacaq”.

Ekspert hesab edir ki, gələcəkdə blok imtahanlarının da buraxılış imtahanı kimi nisbətən sadələşdirilməsi,  vahid tədris    proqramına uyğunlaşdırılması abituriyentlərin yaxşı nəticə göstərməsinə səbəb olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password