Minimum əmək haqqı nə qədər artırılacaq? – İqtisadçı

 

Minimum əmək haqqının artırılması ilə bağlı müzakirələrin noyabradək başa çatacağını nəzərə aldıqda konkret rəqəmin həmin ay bəlli olacağı gözlənilir. Rəsmi açıqlamadan da göründüyü kimi indi müzakirələr mərhələsidir. Bu baxımdan da konkret artım faizi hələlik elan edilməyib.

Bunu iqtisadçı Vüqar Bayramov minimum əmək haqqının nə qədər artırılması ilə bağlı sualları şərh edərkən deyib.

Onun sözlərinə görə, minimum əmək haqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübə nəzərə alınacaq:

“Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2,7 dəfə artırılıb. Bu baxımdan, minimum əmək haqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi. Minimum əmək haqqının sonuncu dəfə 2023-cü ilin yanvarında artdığını nəzərə alsaq, ötən və builki illər üzrə qiymət artımlarına diqqət yetirilməsi önəmlidir. 2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əmək haqqındakı artım faizi 11,3 faiz olub. Builki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək”.

İqtisadçı bildirib ki, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb:

“Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni bu halda söhbət ikirəqəmli artımdan gedir. İkirəqəmlinin konkret hansı faizlə ifadə olunacağını isə payız aylarında söyləmək mümkün olacaq. Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əmək haqqının artırılması ilə bağlı noyabrın 1-ə kimi təkliflər hazırlayacağını bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password