Ermənistan bir də təcavüz etsə, Türk ordusu Azərbaycana girəcək və girməlidir, səhv təkrar olunmamalıdır…
“Bakı Xəbər” qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın son açıqlamaları barədə paylaşım edib. A.Quliyev yazır:
“Ərdoğanın belə bəyanatı həqiqətən verib- vermədiyini dəqiq deyə bilmərəm- “Fələstinin müdafiəsi üçün lazım gəlsə Liviya və Qarabağa girdiyimiz kimi İsrailə də girərik”. Guya Ərdoğan belə söyləyib.
Ən diqqətçəkən məqam erməni mediasının bu xəbər ətrafında şou yaratmaq cəhdləridir. Sübut etmək istəyirlər ki, Türkiyə ordusu Azərbaycanın Qarabağ müharibəsində iştirak edib və Ərdoğanın bu sözləri etirafdır.
Qardaş Türkiyənin Vətən savaşında Azərbaycana diplomatik, siyasi və humanitar dəstəyini heç vaxt inkar etməmişik, əksinə bununla qürur duyduğumuzu demişik. Qardaş qardaşın hansı günü üçündür bəs?
Nəzəri olaraq fərz edək ki, Qarabağ müharibəsində Türkiyə ordusu həqiqətən Azərbaycanın tərəfindən vuruşub. Burada nə qəbahət var ki? 1- ci Qarabağ müharibəsində Ermənistanın müttəfiqi Qorbaçovun və Yeltsinin rus ordusu Ermənistanın tərəfində vuruşmurdu? Rus ordusuna olar, türk ordusuna olmaz? Hazırda Ermənistan Fransadan, Hindistandan, Yunanıstandan silah almır? Elə dünən Ermənistanın XİN başçısı Mirzoyan Kiprin diplomatik korpus rəhbərlərinin Nikosiyada illik toplantısında iştirak və məruzə etmədi? Mirzoyan nə vaxtdan Kipr diplomatı olub ? Bu ölkənin Ermənistana hər cür yardım etdiyini kim inkar edə bilər ki? Qarabağ müharibəsində Ermənistan ordusunda Kipr, Livan, Suriya hətbçilərinin iştirakına dair faktları unudubsuz? Nə qədər pasportlar, meyitlər çıxdı?!
İkinci Qarabağ müharibəsində Türkiyənin ordusu kaş iştirak etmiş olaydı. Etməyibsə , buna görə tarix Türkiyəni də, Azərbaycanı da qınayacaq.Türk ordusu Azərbaycana gəlib kömək etsəydi nə olardı ki? Söhbət Azərbaycan ərazisindəki hərbi əməliyyatlarda iştirakdan gedir. Bunun Ermənistana, Rusiyaya, İrana ,ya başqalarına nə dəxli var?Azərbaycan çağıracaqdı, Türkiyə gələcəkdi …Bəşər Əsədin çağırışına Rusiya Suriyaya girmədi? Suriya Azadlıq cəbhəsinin çağırışına Türkiyə Suriyaya girmədi?
Bunlardan nəticə çıxarılmalıdır. Ermənistan Azərbaycana bir daha təcavüz etsə, Türkiyə ordusu Azərbaycana girəcək və tərəddüd etmədən görməlidir.
Daha səhv buraxıla bilməz….”