Harrislə davam, yoxsa Trampla davam? – Trampın mümkün qələbəsi Ukraynaya nə vəd edir?

 

Noyabr ayında ABŞ-də keçiriləcək prezident seçikisindən çıxan nəticənin Ukraynadakı müharibənin müqəddəratına necə təsir göstərəcəyi beynəlxalq aləmin diqqət mərkəzində olan əsas mövzulardan biridir. Maraqlıdır ki,Rusiya KİV-ləri və analitikləri öncəki dövrlərlə müqayisədə Donlad Trampa heç də böyük rəğbət ifadə etmirlər və daha ehtiyatlı proqnozlar verirlər. Lakin nədənsə Ukraynada bunun əksinə rast gəlirik. Bunun səbəbi ABŞ-nin indiki administrasiyasının Ukraynaya edilən hərbi yardımlar ətrafında yaxşı PR kampaniyası qurması ilə bağlıdır. Əsl həqiqətlər isə bəzəkli təbliğat fəndləri vasitəsilə gizlədilir.

Bu arada Trampın prezidentliyi dönəmində ABŞ dövlət katibi olmuş Mayk Pompeo “The Wall Street Journal” qəzetinə yazdığı məqaləsində təklif edib ki, Trampın yenidən prezident seçildiyi təqirdə Ukrayna üçün 500 milyard dollar həcmində lend-liz proqramı yaratması lazımdır. Əgər Pompeonun təklifi reallaşarsa, bu, Ukraynanın müdafiəsinin, hətta qələbəsinin təminatı üçün konkret və nəhəng yardım olar.

Ancaq hər halda, indiyədək Bayden hökuməti buna bənzər ideya irəli sürməyib. Yalnız Ukraynaya “biz sizin arxanızda sonadək durmuşuq” deməklə və yarımçıq, damla-damla həyata keçirilən silah təchizatı ilə yetiniblər. Nəticə isə göz qabağındadır…

Gəlin, Bayden administrasiyasının reallıqda Ukraynaya necə yardım yollamasına qısaca nəzər yetirək. Beləliklə, Ağ evin Ukraynaya etdiyi yardımın son həcmi 60 milyard dollar olaraq göstərilir. Lakin bu məbləğ çərçivəsində silahlar birdən- birə yox, çox kiçik porsiyalarla verilir və bunun effekti itir. Bu yaxınlarda bəlli olub ki, Ukrayna üçün 2023-cü ildə nəzərdə tutulmuş 20 milyard dollarlıq silahın böyük hissəsi “mühasibat hesabının səhvi” ucbatından it-bata salınıb. Deməli, bu ilin iyununda ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilən yardımlarda 6,2 milyard dollar dəyərində xətaya yol verdiyini etiraf edib. Yəni hərbi texnikanın qiyməti mühasibat səhvi üzündən düzgün hesablanmayıb. Lakin buna baxmayaraq, nazirliyin baş müfəttişi bu rəqəmin daha yüksək olması barədə məlumat verib və bildirilib ki, əlavə 1,9 milyard dəyərində yanlış hesablama var. Bununla da ümumi səhv 8,1 milyard dollar təşkil edib. Əlavə olaraq onu qeyd edək ki, 4 milyard dollar da prezidentin sərəncamında qalıb və xərclənməyib. Yəqin ki, bu pul yenidən dövriyyəyə qaytarılmayacaq. Bəs niyə belə alınıb? Səbəb Ukraynaya göndərilən silahların əksəriyyətinin köhnə olması, lakin onun yeni istehsal məhsulu qiymətinə hesablanması və şişirdilməsi ilə bağlıdır. Ümumi yekunda gördüyümüz mənzərə alınıb və Ukraynaya 20 milyard dollar əvəzinə 8 milyard dollarlıq silah yollanılıb…

Təbii sual meydana gəlir: Ukrayna hakimiyyəti bunu görmürdümü və niyə buna etiraz etmirdi? Ortada çoxsaylı versiyalar var. Yəqin ki, Ağ ev administrasiyasndan səhvin tezliklə düzəldiləcəyini vəd ediblər və ya deyiblər ki, nə verilibsə onunla razılaşın. Bu, Baydenin indiyədək Ukraynaya necə yardım etdiyinin əyani nümunəsidir. Əgər Demokratlar yenidən ABŞ prezidentliyinə yiyələnərlərsə, Ukrayna məhz bu cür rəftara məruz qalacaq. Kiyevə həmişəki kimi vədlər veriləcək və müharibənin gedişinə uyğun olaraq ara-sıra az miqdarda silah yollanacaq.

Hazırda Ukrayna analitiklərinin, jurnalistlərinin əksəriyyəti həyəcan təbili döyərək bildirirlər ki, Trampın gəlməsi onlar üçün daha pis ssenaridir. Hələ üstəlik deyirlər ki, Bayden olmasaydı Putin Kiyevdə 9 may paradı keçirəcəkdi, ona və komandasına böyük təşəkkürlər düşür.

Ukraynaya gerçək dəstək edən ölkələr də var. Onların isə hərbi potensialları böyük deyil. Bu ölkələr yardım göstərməklə yanaşı tez-tez mənəvi dəstək təşkil edən çağırışlar da səsləndirirlər.

Əslində, məntiqlə Ukrayna rəhbərliyi və hərbi komandanlığı döyüş meydanındakı fəaliyyətlərini böyük himayədar rolunda çıxış edən ABŞ-nin müharibəyə münasibətini bilmək şərtilə qurmalıdırlar. Onlar anlamalıdırlar ki, Rusiya bundan sonra əlavə 2-3 il müharibə aparmağa hazırlaşır və bütün hərbi tapşırıqlarını da məhz bu paradiqmaya uyğun şəkildə həyata keçirməyə çalışır. Hazırda “sürünə-sürünə irəliləmək” taktikasını seçən Rusiya ordusu böyük itkilərə baxmayaraq bütün cəbhə boyu durmadan hücuma keçir. Onlar bir neçə istiqamətdə irəliləyiblər. Düzdür, bunlar operativ əhəmiyyət kəsb emir. Lakin Rusiya komandanlığının strateji planında Ukrayna ordusunu taqətdən salmaq prioritet kimi qarşıya qoyulub.

Rusların hücumlarının intensivləşməsinin daha bir səbəbi ABŞ-də keçiriləcək seçkilərlə bağlı ola bilər. Moskva anlayır ki, Kamala Harrisin prezident olması ABŞ-nin müharibəyə münasibətində və Ukraynanın dəstəklənməsi dinamikasında böyük dəyişkilik yaratmayacaq. Amma Donald Trampın prezidentliyinin mövcud vəziyyətdəki tarazılığı pozma ehtimalı yüksəkdir Baxmayaraq ki, beynəlxalq KİV-lər bunun əksini yazırlar…

Bu müharibənin siyasi, daha doğrusu isə geostrateji və qlobal tərəfləri nəzərə alınmazsa, Kiyevin vəziyyəti mürəkkəbləşəcək. Çünki müharibə əvvəl-axır hansısa siyasi razılaşma ilə bitəcək və burada maraqlı qüvvələrin istəyi ön planda dayancaq. İndiyədək Qərb və ələlxüsus da ABŞ Ukraynanın qalib gəlməsini istəməyib. Sözsüz ki, Zelenski bunu bilməmiş deyil və hətta müsahibələrinin birində söyləmişdi ki, Qərbin davranışları göstərir ki, onlar Rusiyanın uduzmasını və bizim qalib gəlməyimizi istəmirlər. Ukrayna gələcəyə yalnız ümidlə yanaşır. Bəzi Ukrayna analitikləri iki ay bundan öncə deyirdilər ki, Ukrayna payızda Krım yarmadasını azad edəcək. Payıza nə qaldı ki?

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general-polkovnik Aleksandr Sırski “The Guardian” qəzetinə verdiyi müsahibəsində söyləyib ki, ”F-16” qırıcıları müharibənin gedişində dönüş yarada bilərlər. Ukrayna ordusu hələ lik “F-16”-ları bu ilin martında gözləyirdi. Lakin hələ də bu təyyarələrin verilməsinin konkret vaxtı bəlli deyil. Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova deyib ki,”F-16” təyyarələri bu il göndərilə bilər. Mütəxəssislərin qənaətinə görə, əgər 50-60 ədəd nisbətən yeni modifikasiyalı “F-16” qırıcısı olmazsa, müharibədə əsaslı dönüş gözləmək əbəsdir. Bəllidir ki, silah yardımının yetərsizliyi bir yana, hələ üstəlik hər şeyin çatdırılması uzadılır, ləngidilir.

İki il yarımdır davam edən müharibə göstərir ki, ABŞ və Avropa Ukraynaya qalib gəlmək üçün yox, ayaq üstə durmaq və döyüşləri davam etdirə bilməsi üçün silah verirlər. Amma məsələ ondadır ki, Trampın hakimiyyətə gəlməsi mövcud vəziyyəti dəyişə bilər və Ukrayna özünü aldatmaqdan qurtular. Sözsüz ki, Tarampın qələbəsi qətiyyən vəziyyətin müsbətə doğru dəyişəcəyinə 100 faizlik təminat deyil. Amma hər halda bu, savaşın bitməsi üçün yeni bir şans ola bilər. Yoxsa, ABŞ-nin “dişsizliyi” fonunda uzanan müharibə Rusiyanın taqətdən salma ssenarisinə müvafiq gedəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password