Dövlət katibi: Britaniya COP29-un uğurla keçməsi üçün Azərbaycana hər bir dəstəyi verməyə hazırdır
İqlim dəyişikliyinin qarşısının alınması və dünyanın yaşıl inkişafı üçün dünya ölkələrini bir araya gətirən COP tədbirlərinin olduqca əhəmiyyətli olduğuna inanıram.
Bunu Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibend Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Bu kontekstdə o, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib.
Britaniyanın dövlət katibi öz çıxışında dəfələrlə vurğulayıb ki, Britaniya tərəfi COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün ölkəmizə hər bir dəstəyi verməyə və Azərbaycanla yaxından tərəfdaşlıq etməyə hazırdır.