Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalamağın vaxtı çatıb – ABŞ səfirliyi
Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalamağın vaxtı çatıb.
Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunub ki, Ermənistanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono və ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin Ermənistan rəsmiləri ilə görüşlər keçirdikdən sonra bu cür qənaətə gəlinib.
Görüşlərdə İrəvan və Bakı arasında möhkəm və layiqli sülhün bərqərar olması üzrə fəaliyyət müzakirə olunub.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono iyulun 25-də yenidən Ermənistana səfər edib.
Məlumata görə, Bono artrıq İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də regiondakı vəziyyət müzakirə olunub.
Xatırladaq ki, Lui Bono sonuncu dəfə iyun ayında regiona səfər edib. 3 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Lui Bononu qəbul edib.