Paşinyanın gizli planı – Bu ölkələr böyük rol oynayacaq
Ermənistanda Avropa İttifaqına üzvlük müzakirələri davam edir. Eyni zamanda təkliflər də səsləndirilir ki, Avropa İttifaqına daxil olmaqla bağlı referendum keçirilsin.
Bunu açıqlamasında Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bir müddət öncə Nikol Paşinyan əslində bu suala özü cavab vermişdi:
“Bildirmişdi ki, Ermənistanın Avropaya yaxınlaşması Avropanın davranışlarından asılı olacaq. Yəni Avropa Ermənistana nə qədər yaxınlaşacaqsa, Ermənistan da Avropaya o qədər yaxınlaşmalıdır. O ki qaldı konkret olaraq referendumun məhz bu məqsədlə keçirilməsi məsələlərinə, konstitusiya dəyişikliklərində görə Ermənistanda referendum keçirilməsi fikirləri ötən ilin noyabrından aktuallıq qazanıb. Bu, həm də Azərbaycanın tələbləri ilə bağlıdır.
Amma Ermənistanın bunu yaxın zamanlarda edəcəyi real görünmür. Verilən məlumatlar ondan ibarətdir ki, onlar 2026-cı ildən sonra Konstitusiya dəyişikliklərinə gedə bilərlər. O vaxta qədər hələ xeyli zaman var.
Əgər referendum keçiriləcəksə, həmin referenduma çıxarılan məsələlərdən biri konstitusiya dəyişikliklərində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması məsələsi olacaq. Bunu həmin dövr üçün real hesab edirəm”.
Politoloq bildirib ki, hazırda Ermənistanın himayəçisi rolunda çıxış edən Amerika və Fransanın mövqeləri də burada əhəmiyyətli rol oynayacaq:
“Çünki Ermənistanın mövcud hakimiyyəti məhz bu ölkələrdən asılı vəziyyətdədir. Bu baxımdan hələlik bu referendumun vaxtı müəyyən olunmadığı və referendumda hansı məsələlərin çıxarılacağı dəqiq bilinməyi üçün konkret bir şey söyləmək mümkün deyil.
Əgər Ermənistan Azərbaycanla sülh şəraitində yaşamaq və bölgədə bir dövlət olaraq qonşuları ilə normal münasibət qurmaq fikirindədirsə, ilk növbədə konstitusiya dəyişikliyinə getməli və konstitusiyasında, o cümlədən qanunvericilik aktlarında olan ərazi iddiaları ilə bağlı müddəaları oradan çıxarmalıdır”.