“EL-85” MMC “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sifarişlərini belə yerinə yetirir – FOTOFAKT – YENİLƏNİB
Məlum olduğu kimi iqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcəkdir.
COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, – deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.
Aktualinfo.org bir müddət əvvəl respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı məqalə yaymışdı.
Bir daha xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq paytaxtımızda “Bakı Ağ Şəhər” layihəsinin icrasına qoşulub. Bu nəhəng layihənin iştirakçısı olaraq QSC “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neft şlamının çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini yerinə yetirir. QSC ərazidə neftlə çirklənmiş torpağın çıxarılaraq poliqona daşınmasını, yerinə münbit torpaq doldurub yaşıllıqların salınmasını indi də təmin edir.
Qeyd edək ki, verilən məlumatlara görə sözügedən ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sifarişləri əsasında müxtəlif şirkətlər həyata keçirir. Ötən il QSC-nin Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti udub. Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” QSC sözügedən tenderi dövlət satınalmalarının vahid internet portalında keçirməyib.
Qeyd edək ki, MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. MMC-nin maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, 2-Cİ ZEYTUN SOVXOZU , ev 143, m. 2, qanuni təmsilçisi kimi isə Qasımov Elqayıt Nurəddin oğlu qeyd olunub.
Məqaləyə dair fotomateriallar:
P.S. Qeyd olunan məlumalar iki gün öncə ictimailəşdirildikdən sonra bu gün redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlara görə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini gördüyü ərazilərdə, Baku Marriott Hotelin ərafı bu gün zibillərdən, kağız və digər tullantı əşyalardan yenidən təmizlənir. Bu fakt özlüyündə onu sübut edir ki, “EL-85” MMC ona verilən dövlət sifarişini layiqincə yerinə yetirməyib. Əslində isə ərazinin indi kağız tullantılarından deyil, neftlə çirklənmiş torpağın çıxarılaraq poliqona daşınmasını, yerinə münbit torpaq doldurulmasını vaxtında təmin etməli idi.
Bütün bunların araşdırılaraq tədbir görülməsi məqsədi ilə Prezident Adminsarasiyasına, İqtisadiyyat Nazirliyinə, Dövlət Neft Şirkətinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlasa da hələ heç bir qurumdan cavab verilməyib.