Səbinə Əliyeva Türkiyə Konstitusiya Məhkəməsinin sədrini Ermənistanın mina terroru haqda məlumatlandırıb

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüş zamanı Müvəkkil qonaqları salamlayaraq, mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Beynəlxalq təşkilatlarla, eləcə də ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən danışan S.Əliyeva Türkiyənin Ombudsman təsisatı və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumu ilə sıx əməkdaşlığın mövcud olduğunu bildirib.

Azərbaycanın Ombudsman təsisatı ilə Konstitusiya Məhkəməsi arasında insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində müsbət əməkdaşlıq əlaqələrindən bəhs edən Müvəkkil Konstitusiya Məhkəməsinə sorğuların göndərildiyini diqqətə çatdırıb.

Ombudsman “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edərək, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması, informasiya əldə etmək hüququnun təmini və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən danışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi barədə hələ də məlumat əldə olunmadığını bildirib, işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda minaların basdırıldığını, həmin minaların insanların həyat və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini diqqətə çatdırıb.

Eyni zamanda, Ombudsman müharibə və postmüharibə dövrlərində həyata keçirdiyi faktaraşdırıcı missiyalardan danışıb, həmin missiyaların nəticələri əsasında hazırlanmış xüsusi hesabat, bəyanat və müraciətlərin müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına ünvanlandığını qeyd edib.

Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya öz növbəsində səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub, Azərbaycanın Ombudsman təsisatı tərəfindən hazırlanmış hesabatlar qonağa təqdim edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password