Müavinətlər artırılır, minimum əməkhaqqı 600 manat olacaq – Proqnoz açıqlandı
Milli Məclisdə 2024-cü ilin yeniləşmiş büdcəsi müzakirə edilən zaman sosial proseslərin tənzimlənməsi istiqamətində əlavə addımların atılmasının vacibliyi məsələsini qaldırmşdıq. Qazilərə verilən pulun iki dəfə artırılaraq 160 manata çatdırılması məsələsi qoyulmuşdu. Amma biz 160 manat yox, qazilərə verilən 80 manatın üzərinə 100 manat əlavənin edilməsini önə çəkmişdik.
Bunu Milli Məclisin deputatı Əli Məsimli deyib.
O qeyd edib ki, minimum əməkhaqqının artırılması məsələsi də əsas amillərdəndir:
“Ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara görə, minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi səviyyəsində olmaıdır. Hazırda ölkəmizdə minimum əməkhaqqı 345 manat səviyyəsində müəyyənləşib. Bu da sözsüz ki, dövlətimizin qoşulduğu konvensiyanın tələblərindən xeyli dərəcədə aşağıdır”.
Millət vəkili bildirib ki, minimum əməkhaqqını mərhələli şəkildə qaldıraraq orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırmaq mümkündür:
“Beləliklə, minimum əməkhaqqının 594 manata çatdırmaq olar. Artıq ölkəmizdə orta aylıq əməkhaqqında dəyişiklik var. Ona görə də, faiz nisbəti ilə götürüldükdə minimum əməkhaqqının 600 manatdan artıq olacağı proqnozlaşdırılır”.
Əli Məsimli pensiya mexanizminin təkmilləşdirilməsi məsələsinə də toxunub:
“İndiki pensiya mexanizmi ilə yetərincə pensiya kapitalı olmayan insanlar təqaüd ala bilmir. Onlar ancaq qocalıq müavinəti alır. Qocalıq müavinətinin isə həcmi çox aşağıdır. Bu səviyyədə olan müavinətlə yaşlı bir insan minimum tələbatını, dava-dərmana olan ehtiyaclarını ödəyə bilmir. Ona görə də, qocalıq müavinəti alanların müavinətinin artırılması məsələsi gündəmə gətirilmişdi”.