Gizli saziş: İran Ermənistana hansı silahları satır? – Sensasiya
İran və Ermənistan 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalayıblar.
Bu barədə “İran İnternational”a mənbə məlumat verib.
İddia edilib ki, Tehran İrəvanı özünün kamikadze PUA-ları ilə təchiz edir.
“Yaxın Şərqdə yüksək rütbəli hərbi məmur olan mənbənin sözlərinə görə, razılaşma bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb”, – məqalədə bildirilib.
Nəşr İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların eksklüziv siyahısını əldə edib. Buraya “Şahid-136”, “Şahid-129”, “Şahid-197”, “Mühacir” kimi pilotsuz təyyarələr və “Xordad 3”, “Məcid”, “Xordad 15” və “Arman” kimi hava hücumundan müdafiə raket sistemləri daxildir.
İran və Ermənistanın xarici işlər və müdafiə nazirlikləri “İran İnternational”ın şərh üçün sorğusuna cavab verməyib.
Vaşinqton İnstitutundan hərbi ekspert Fərzin Nadimi deyib ki, bu miqyasda razılaşma Ermənistan üçün əhəmiyyətlidir:
“İran əvvəllər də Ermənistana pilotsuz təyyarələr və bəzi başqa silahlar satıb, lakin bu miqyasda olmayıb”.
Məqalədə xatırladılıb ki, Ermənistan Maliyyə Nazirliyi 2024-cü ildə müdafiə xərclərinin 2020-ci illə müqayisədə 81% artdığını bildirib. Ermənistanın 2024-cü ildə müdafiə büdcəsi təqribən 1,4 milyard dollar olub, ona görə də bu sazişlə İrana ayrılan vəsait bu büdcənin təxminən üçdə birini təşkil edir. Ermənistanın bunu necə ödəyə biləcəyi məlum deyil, lakin bəzi analitiklər hesab edirlər ki, kredit ödənişləri bir seçim ola bilər.
Nəşr İran-Ermənistan silah müqaviləsinin kamikadze dronlar və hava hücumundan müdafiə raketlərinin tədarükündən kənara çıxdığını yazıb. Mənbənin nəşrə verdiyi məlumata görə, bu, həm də kəşfiyyat əməkdaşlığı, sıx hərbi əlaqələr, təlim və erməni torpaqlarında bazaların yaradılmasını əhatə edir.
Mənbə bildirib ki, son aylarda İrandan yüksək səviyyəli nümayəndə heyətləri və texniki qrupların səfərləri zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, o cümlədən silah müqavilələrinin irəlilədilməsi müzakirə olunub.
Yaxın Şərq İnstitutunun İran proqramı üzrə direktoru Aleks Vatanka deyib ki, ermənilər təhlükəsizlik ehtiyacları üçün başqa yerlərə, Fransa, Hindistan, ABŞ və İrana baxırlar. Vatankanın fikrincə, İran və Ermənistan arasında silah müqaviləsi Tehrana Qafqazda aktuallığını qoruyub saxlamağa kömək edəcək.
Hərbi analitiklər Azərbaycanın Ermənistan müdafiəsini aşaraq 44 günlük müharibədə qələbəsini Türkiyə və İsraildən aldığı pilotsuz təyyarələrlə əlaqələndirirlər.
“Ermənistan bu cəbhədə silahlanmaq istəyir. Əgər İran pilotsuz uçan aparatlarla təmin edə bilirsə, niyə də olmasın?” – deyə Vatanka bildirib.
Məqalədə İran və Ermənistan arasında silah müqaviləsinin iki dövlətin hüdudlarından kənara çıxacağı və İran-Azərbaycan münasibətlərinə, xüsusilə də İranda etnik türk olan birinin prezident seçilməsindən sonra təsir edəcəyi vurğulanıb.
Kanada Kral Hərbi Kollecinin hərbi eksperti Frederik Labarre bildirib ki, böyük sövdələşmə bir neçə səbəbdən baş verə bilər. Onun sözlərinə görə, bu, Ermənistanın Azərbaycandan müdafiəsi üçün “zərurət” deməkdir, lakin bu, həm də Rusiyanın Ermənistan vasitəsilə silah əldə etməsi üçün bir yol ola bilər.
Rusiya və Ukraynanın müdafiə və hərbi sahələrində ixtisaslaşan Labarre Ermənistanın İran silahlarını Rusiya üçün aldığını ehtimal edir./axar.az