BEA-nın icraçı direktoru COP29-da konkret nəticələrə nail olmaq üçün strategiyanı açıqlayıb

 

Bakıda keçirilən COP29-da zəngin ölkələr, aşağı gəlirli ölkələr, Şimal və Cənub iqlim dəyişikliyinin qlobal problemini həll etmək üçün bir araya gəlməlidir.

Bu barədə müsahibəsində Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib.

Əvvəlki COP29 üzrə dialoqlardan və Nyu-Yorkda keçiriləcək görüşdən əsas nəticələr

““COP29 ilə bağlı iki yüksək səviyyəli dialoqumuz oldu və onlar bir sıra mühüm nəticələrə gətirib çıxardı, mənim fikrimcə, həm ölkələr, həm də enerji şirkətləri və maliyyə sənayesi baxımından çox yüksək səviyyədə iştirak oldu. Bu, böyük marağa səbəb oldu. İkincisi, hökumətlər COP28-də əldə edilmiş uğurları möhkəmləndirməyə sadiqdirlər və bunu COP29-da edəcəklər. Bakıda daha bir uğur hekayəsi yazılacaq. Üçüncüsü, bu, COP29 komandasının və Azərbaycan hökumətinin hər kəsi danışıqlar masası arxasına yığmağa və ölkələr arasında konsensus tapmağa yönəlmiş inklüziv yanaşmasıdır”, – deyə o bildirib.

F.Birol qeyd edib ki, hazırda müzakirələr getdikcə daha çox maliyyə məsələsinə yönəlib:

“Bu əsas mövzu olacaq. Eyni zamanda, Paris və Londonda keçirilən görüşlərimizə qoşulan tərəflər COP29-da konkret nəticələr əldə etməyə ümid edirlər”.

BEA-nın icraçı direktoru qeyd edib ki, BMT Baş Assambleyası çərçivəsində sentyabrda Nyu-Yorkda keçiriləcək üçüncü tədbirdə iştirak üçün çoxlu sayda müraciətlər daxil olur:

“COP29 ilə bağlı gözləntilər hər gün artır. Biz iki məqama diqqət yetirmək niyyətindəyik. Birincisi, biz ölkələr arasında maliyyələşmə ilə bağlı konsensusa gəlməyə çalışmaq və həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri COP29-un prezidenti vəzifəsinə təyin edilmiş Muxtar Babayevlə birgə sədrliyimlə görüş üçün bir araya gətirmək istərdik”.

F.Birol qeyd edib ki, ikinci məqsəd metan emissiyalarının azaldılmasına yönəlmiş addımlarda konkret nəticələrə nail olmaq, qlobal akkumulyatorun inkişafı məqsədinə və qlobal şəbəkə hədəfinə nail olmaqdır:

“Bunlar iki fərqli istiqamətdir. Birincisi, maliyyələşdirmə ilə bağlı konsensusa nail olmaq cəhdi, ikincisi isə COP28-də əldə edilən uğurun inkişaf edilməsi. Biz Bakıda növbəti konkret hansı məqsədlərin razılaşdırıla biləcəyini müzakirə etməyə hazırlaşırıq. Tədbirdən bir müddət əvvəl Beynəlxalq Enerji Agentliyi COP28-in necə irəlilədiyi və bu tendensiyaların daha davamlı olması üçün COP29-da nə edilməli olduğu barədə hesabat təqdim etməyə hazırlaşır.

Çünki bildiyiniz kimi, məsələn, COP28-də bərpa olunan enerji tutumunun üçqat artırılması və ikiqat enerji səmərəliliyi haqqında qərar var idi ki, biz bunu COP28 prezidentinə təklif etmişdik. İndi biz enerji sistemlərini təhlükəsiz etmək və batareyalar, şəbəkələr və hansı əlavə konkret tədbirlərin lazım olduğunu müəyyən etməklə iqlim məqsədlərimizə cavab vermək üçün bunu tamamlamağı təklif edirik”, – deyə o əlavə edib.

İqlim maliyyə problemləri

 

F.Birol hesab edir ki, iqlim maliyyəsi bütün problemlərin “sinir mərkəzi”dir.

“İcazə verin konteksti verim. Bu il dünyada təmiz enerjinin maliyyələşdirilməsinə təxminən 2 trilyon dollar sərmayə qoyulacaq. Kifayət qədər yaxşı deyil, amma ümüdvericidir. Amma problem ondadır ki, bu 2 trilyon dolların təxminən 85 faizi inkişaf etmiş iqtisadiyyatlara və Çinə yatırılır. Yalnız 15 faizi dünya əhalisinin üçdə ikisindən çoxunun yaşadığı inkişaf etməkdə olan ölkələrə sərmayə qoyulur. Deməli, burada ciddi problem var. Tərəflərin inkişaf etməkdə olan ölkələr üçün təmiz enerjinin maliyyələşdirilməsinə zəmanət verməyə razılaşdıqları bir mexanizm hazırlamalıyıq. Çünki bunu edə bilməsək, iqlimlə bağlı məqsədlərimizə çatmaq şansımız olmayacaq”, – deyə BEA-nın icraçı direktoru bildirib.

O qeyd edib ki, təkcə inkişaf etmiş iqtisadiyyatlarda və Çində iqlim maliyyəsini artırmaqla problemləri həll etmək olmaz:

“Asiya, Afrika və Latın Amerikasında böyük miqdarda emissiya var. Ona görə də mənim üçün bu kritik sualdır. Həm COP29, həm də COP30 maliyyələşdirməyə diqqət yetirməlidir. Hesab edirəm ki, COP29 Sədrliyinə əlavə olaraq, Braziliyanın bu il G20 Sədrliyi inkişaf etməkdə olan ölkələr üçün lazımi vəsaiti təmin etmək üçün çalışmalıdır”.

Effektiv nəzarət mexanizminin yaradılması yolları

“Bütün yollar Bakıya aparır. Ölkələr yeni milli səviyyədə müəyyən olunan töhfələr verməlidirlər. 2035-ci ilə qədər nə edəcəklərinə qərar verməlidirlər. Və bu planlar qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq məqsədinə nail olmaq üçün kifayət qədər iddialı olmalıdır. Bakıdakı müzakirələr burada çox mühüm rol oynayacaq. Məhz buna görə Beynəlxalq Enerji Agentliyi iddialı milli səviyyədə müəyyən olunan töhfələri inkişaf etdirmək üçün tərəflər arasında mənalı müzakirələri təmin etmək üçün COP29 Sədrliyini dəstəkləmək qərarına gəlib.

Əgər onlar kifayət qədər iddialı deyillərsə, qlobal istiləşməni 1,5°-də saxlamaq məqsədinə çatmaqda bizə kömək edə bilmirlərsə, bu, yaxşı nəticə olmayacaq. Buna görə də COP29 Sədrliyi bütün tərəfləri növbəti 10 il üçün iddialı milli səviyyədə müəyyən olunan töhfələrə sahib olmağa təşviq etməlidir. Bütün ölkələr və BEA burada COP29 Sədrliyini tam dəstəkləyəcək”, – deyə F.Birol bildirib.

BEA-nın icraçı direktoru qeyd edib ki, COP29-da o, zəngin ölkələrin, aşağı gəlirli ölkələrin, Şimal və Cənubun bu qlobal problemin öhdəsindən gəlmək üçün bir araya gəlməsini görmək istəyir:

“Bu, təkcə varlılar üçün deyil, həm də yoxsul ölkələr üçün, təkcə Şimal üçün deyil, həm də Cənub üçün, bütün ölkələr üçün bir çağırışdır. Əgər biz geosiyasi parçalanmaları, geosiyasi fikir ayrılıqlarını bir kənara qoyub qlobal məsələyə diqqəti yönəldə bilsək və bəzi konkret qərarlar qəbul edib konkret məqsədlər üzərində razılaşa bilsək, COP29 bu qlobal məqsədə çatmaqda uğurlu mərhələ kimi yadda qalacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password