AB İrəvana hərbi yardım ayırdı – Generaldan reaksiya

 

Avropa Sülh Fondu 2021-ci ildə AB üzvü olmayan ölkələri, yaxud beynəlxalq təşkilatları maddi və hərbi anlamda dəstəkləmək məqsədi ilə qurulub. Fondun büdcəsi AB-yə üzv olan dövlətlərin ianələri hesabına formalaşır. Bu qurumun 2023-cü il üçün büdcəsi təqribən 8 milyard avro idi.

Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz AB-nin Ermənistana 10 milyon avro hərbi yardımı ayırmasını şərh edərkən deyib.

O bildirib ki, Avropa Birliyi bu fond vasitəsilə Ukrayna, Mozambik, Gürcüstan, Moldova, Bosniya və Herseqoviniya, Somali, Nigeriya və başqa ölkələrə yardım edib:

“Fond bu konteksdə Ermənistan üçün ilk dəfə hərbi maliyyə ayırıb. Ayrılan maliyyənin həcminin nə qədər olmasının heç bir önəmi yoxdur. Azərbaycan torpaqlarının 28 illik haqsız işğalı dövründə ATƏT vasitəsilə ikili standart yürüdən, ədalətsiz, hüquqi əsası olmayan davranış sərgiləyən AB-nin bir tərəfdən sülh üçün Brüsseli vasitəçi göstərib, digər tərəfdən də Ermənistana hərbi yardım etməsi Qərbin İrəvana siyasi-hərbi dəstəyi anlamına gəlir. Bu addım Avropa Birliyinin sülhün mərkəzi təşkilatçısı ola bilməyəcəyini deməyə də əsas verir. Fond vasitəsilə Ermənistana sözügedən yardımın ayrılmasını həm də AB-nin 2020-ci ildən əvvəl sərgilədiyi siyasətinin davamı kimi qəbul etmək lazımdır”.

O bildirib ki, bu cür təşkilatların qarşıdurma, münaqişə və problemli bölgələrə təktərəfli yardım etməsi, siyasi dəstək verməsi qəbuledilməzdir:

“Bu, AB-nin ikili standartı qoruyan, ədalətdən və bitərəf olmaq əxlaqından uzaq davranışıdır. Məsələn, fonddan Azərbaycana da maliyyə ayırsaydılar, bunu nisbətən anlamaq mümkün olardı. AB ABŞ və ya NATO-nun fəaliyyət göstərə bilmədiyi yerlərdə subpodratçı fəaliyyəti həyata keçirən mexanizm halına gəlib. ABŞ Qafqazda bir tərəfdən Gürcüstanın, digər tərəfdən Ermənistanın DNT-si ilə oynayaraq, Rusiya əleyhinə bir balans yaratmağa çalışır. Ermənistan Müdafiə Nazirliyinə nümayəndə təyin edilməsi, son 6 ayda azı 2-3 hərbi təlim keçirilməsi, erməni ordusunun təlim-tərbiyə fəaliyyətlərinə töhfələr verilməyə çalışılması, təbii ki, Ermənistanın Rusiyadan asılılığını azaltmaq cəhdi kimi dəyərləndirilə bilər. Bu, eyni zamanda təkcə Rusiya üçün deyil, həm də İrana qarşı atılmış addımdır. Ümumilikdə isə atılan addım yanğına körüklə getmək kimidir. Dolayısı ilə bu həmlələr Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirməz, əksinə, Qafqazı qan gölünə çevirər”.

Qeyd edək ki, bir neçə ay əvvəl Macarıstanın Avropa Sülh Fondundan Ermənistana ittifaq çərçivəsində razılaşdırılmış 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklaması ilə bağlı məlumat yayılsa da, ötən gün vəsaitin İrəvana ayrılması qərarı rəsmi olaraq təsdiqlənib. 2027-ci ilədək mövcud olması nəzərdə tutulan fondun büdcəsi son məlumatlara görə 17 milyarddır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password