XİN: Makronun Ermənistanın hərbiləşdirilməsinə bəraət verən fikirləri sülh prosesinə mane olmaqdır
Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
“Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin, bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz.
30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.
Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub.
Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək”, – A.Hacızadə qeyd edib.