Bakı vasitəçidən imtina etdi: Tərəflər masaya bu şərtlə oturur – Kritik gəlişmə

 

Politoloq Elxan Şahinoğlu sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Hazırda Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqlar hansı səviyyədədir?

– Azərbaycanın və Ermənistanın artıq vasitəçiyə ehtiyacı yoxdur. Tərəflər birbaşa danışıqlar apara bilir. Hər iki ölkənin baş nazirlərin müavinləri səviyyəsində danışıqlar aparılır. Sərhədlərin müəyyənləşməsi və digər məsələlərlə bağlı iki ölkənin sərhədində vaxtaşırı görüşlər keçirilir. Eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər naziləri “email” üzərindən qarşılıqlı olaraq yazışmalar aparır. Təkliflər Bakıdan İrəvana, İrəvandan isə Bakıya göndərilir. Bu təkliflər üzərində iş gedir.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında üçüncü tərəf olmaq uğrunda sanki bir rəqabət var. ABŞ, Avropa Birliyi, Rusiya bu məsələdə bir-birinə güzəştsiz davranır. Üçüncü tərəf olmaq onlara nə qazandırır?

– Bu prosesdə ola bilsin ki, moderatora ehtiyac olsun. Moderator ev yiyəsi kimi üçüncü bir ölkədə görüş keçirmək kimi məsələləri həll edir. Üçüncü tərəfin bu görüşdə də iştirakı labüd ola bilər. Ona görə də, bu məsələdə müəyyən rəqabət hiss olunur. Bu prosesdə üçüncü tərəf iddiasında olmaq istəyən Avropa İttifaqı artıq kənarda qalıb.

– Rəsmi Bakının Avropa İttifaqının moderatorluğundan imtina etməsinə səbəb nə idi?

– Bu, daha çox Aİ-nın öz səhvinə görə baş verdi. İlin başlanğıcında Bakı və İrəvan Avropa İttifaqının vasitəçiliyindən, moderatorluğundan istifadə edirdi. Bu istiqamətdə görüşlər keçirilir, müzakirələr aparılıb. Amma elə ki masaya Fransa prezidenti oturmaq istədi, Azərbaycan bu halda Aİ-nin vasitəçiliyindən müvəqqəti olaraq imtina etdi. Ona görə də, artıq neçə aydır ki, Avropa İttifaqı prosesdən kənardır.

– Avropa İttifaqının oyundan kənar saxlanılması fonunda Vaşinqton fürsəti necə dəyərləndirdi?

– İndi əsas moderatorluq Amerikaya keçib. Vaşinqton da fürsətdən istifadə edir. Bu yaxınlarda ABŞ-də keçirilən NATO sammitinə Azərbaycan və Ermənistan da dəvət edilmişdi. Sammitdə hər iki ölkənin xarici işlər nazirləri iştirak edib. Ağ Ev də fürsətdən istifadə edib sammit çərçivəsində üçtərəfli görüş təklif etdi.

– Moskvanın moderatorluğuna tərəflərin yanaşması nədən ibarətdir? Rusiyanın öz orbitindən kənar təmaslara münasibəti necədir?

– Sözsüz ki, bu görüş Moskvanın qısqanclığına səbəb oldu. Amma hələki Rusiya bu prosesə mane ola bilmir. Çünki Moskvanın moderatorluğunu İrəvan qəbul etmir. Ermənistan əksinə Moskvadan uzaqlaşmağa çalışır. Azərbaycan üçün isə bunların heç bir fərqi yoxdur. Bakı üçün əsas odur ki, sülh sazişinin imzalanmasında yaxınlaşma olsun.

– Bakının prosesdə əsas şərti və strategiyası nədən ibarətdir?

Ermənistanı kimsə başa salmalıdır ki, konstitusiyasında dəyişiklik etməlidir. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən bəndlər Ermənistan konstitusiyasından çıxarılmalıdır. Bunu kimin İrəvana başa salmasının Bakı üçün elə də böyük fərqi yoxdur. Sadəcə olaraq Azərbaycan Fransanın moderatorluğunu qəbul etmir. Amma tərəflər arasında görüşlər Qazaxıstanda, Amerikada da keçirilə bilər. Bu Azərbaycan üçün elə də ciddi əhəmiyyət kəsb eləmir.

– Amerikanın bölgə ilə bağlı siyasətində sülh prosesində iştirak amili nə dərəcədə təsirlidir?

– Hər hansı bir üçüncü tərəfin iştirakı ilə sülhə nail olunarsa, onun bölgədə rolu artacaq. ABŞ bu xüsusda son illər Cənubi Qafqazda fəallaşıb. Azərbaycanla yaxşı münasibətləri var, Ermənistanı Rusiyadan qoparmağa çalışır, Gürcüstanla da xüsusi münasibətlər mövcuddur. Bütün bunlar onu göstərir ki, Amerika bölgədə möhkəmlənməyə çalışır. Bu Ağ evin istəyidir və maraqlarına uyğundur.

– Bu günlərdə belə bir xəbər yayıldı ki, guya Ermənistan baş naziri Azərbaycandan şərtləri təmin etmək üçün vaxt istəyib…

– Bunun doğru olub-olmadığını dəqiq deyə bilmərik. Tutaq ki, belə bir hal var. Amma Nikol Paşinyana necə inanıb, vaxt vermək olar? Bu adam 10 noyabr 2020-ci ildə imza atdığı bəyanatın şərtlərini yerinə yetirmədi. Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmaqla bağlı öhdəlik icra olunmadı. Azərbaycan öz gücünə məsələni həll etdi. Belə olan halda şifahi olaraq onun verdiyi vədə necə inanmaq olar? Və yaxud iki il ərzində Paşinyanı devirsələr və yaxud öldürsələr kimsə gəlib deyəcək ki, onun şifahi razılaşmasını tanımıram.

– Bu halda prosesdə çıxış yolu üçün alternativ şərtlər nədən ibarət ola bilər?

– Paşinyan çərçivə sazişi ilə konstitusiyanı dəyişəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürə bilər. Artıq o bu öhdəlikdən qaça bilməyəcək. Hətta o devrilsə, yerinə başqası gəlsə belə öhdəlik Azərbaycan üçün əsas olacaq. Bu öhdəlik də yerinə yetirilməsə Azərbaycan yenə də öz sözünü deyəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password