Ərdoğan: “Biz Rusiya və Çinlə bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik”
“Türkiyə Qərb naminə Şərqdən üz döndərmir və Şərq naminə Qərbi diqqətdən kənarda qoymur, bütün dövlətlərlə öz maraqları əsasında əlaqələr qurur”.
Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair müraciətində deyib.
“Heç kimin bizi ittifaqlarla məhdudlaşdırmasına imkan verməyəcəyik. Biz görürük ki, dostlarımızın sayının artması ilə bağlı təşəbbüslər təkcə bizə deyil, qonşularımıza da lazımdır”, – deyə Ərdoğan bildirib.
O xatırladıb ki, iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti çərçivəsində Rusiya Federasiyası və Çin liderləri Vladimir Putin və Si Cinpinlə danışıqlar aparıb.
“Görüşlərimiz çox məhsuldar keçdi, biz Rusiya və Çinlə bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik”, – Türkiyə prezidenti qeyd edib.