Elnur Əliyevlə Vüsal Xanlarovun təsisçisi olduğu MMC-lər Təhsil İnstitutunun təlimlərini keçir, yoxsa…
Azərbaycan Respublikası Təhsil İnstitutu ötən gün dövlət satınalmalarının vahid internet portalında bir neçə lot üzrə yekunlaşdırdığı açıq tenderlərin nəticələrini elan edib. İnstitut “Ümumi təhsil müəssisələrində təhsilalanların bacarıqəsaslı öyrənmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin keçirilməsi” üzrə “Marshall Cavendish Education” MMC ilə 550.900 manat dəyərində, “Dərsin planlaşdırılması üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə “Azərbaycan Müəllim İnkişaf Mərkəzi” MMC ilə 72.000 manat dəyərində, ““Qərbi Azərbaycana qayıdış” olimpiadasının təşkili və keçirilməsi” üzrə “İnnovative Bussiness Products” MMC ilə 88.597,94 manat dəyərində satınalma müqavilələri bağlayıb. İki satınalma prosedurunda maraqlı məlumatlar əldə etdiyimizdən daha ətraflı araşdırma apardıq.
Azərbaycan Respublikası Təhsil İnstitutu “Məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və 16.07.2024-cü ildə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə 479.000 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.
Maddə 6. Satınalmalarda maraqlar toqquşması
6.1. Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda; 6.1.4. satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.
Göründüyü kimi Azərbaycan Respublikası Təhsil İnstitutunun keçirdiyi tendrlərin qalibi Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun təsisçisi olduğu MMC ilə Elm və Təhsil nazirinin müşaviri, Təhsil İnstitutunda direktor səlahiyyətlərini icra edən Elnur Əliyevin təsisçisi olduğu MMC olub. Bu heç də təsadüf deyil. Və burada məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, istedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər, İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri kimi xidmətlərdən söhbət belə gedə bilməz. Olsa-olsa görk üçün bir iki təlim keçirilə bilər. Qalanı dövlət vəsaitlərinin bu adlarla silinməsindən başqa bir şey deyildir.
Aktualinfo.org