Trampa atılan güllə Baydenə dəydi… – İlk və əsas ”şübhəli” məhz onlardır…
Hazırda ABŞ öz tarixinin bəlkə də ən dramatik, qeyri-müəyyən və taleyüklü dövrlərindən birini yaşayır. Bu superdövlət üçün sevindirici olmayan həm də odur ki, belə bir dövrdə ona növbəti dörd ildə rəhbərlik etməyə iddialı olanların heç birinin siyasi bacarıq və keyfiyyətləri dövrün çağırışlarına adekvat deyil. Bu və digər səbəblərdən indi bir çoxları ABŞ-nin hətta vətəndaş müharibəsi ərəfəsində olduğunu düşünürlər…
Lakin Donald Trampa qarşı məlum sui-qəsd hadisəsi müəyyən mənada sıravi amerikalıların qarşısındakı bulanıq mənzərəni bir qədər durultmuş oldu. Hazırkı durum artıq öz seçimində tərəddüd edənlərə və Trampı seçkiyə getmədən, passiv şəkildə dəstəkləyənlərə olduqca ciddi, həllediic təsir göstərə bilər.
Bir çox mütəxəssislərin də qeyd etdiyi kimi, Trampın seçki kampaniyası üçün bu hadisədən böyük, güclü və təsirli reklam ola bilməzdi. Belə bir fövqəladə situasiyada öz yaşı üçün cəld reaksiyası və bundan dərhal sonra nümayiş etydirdiyi həyat eşqi, qətiyyəti Trampla Bayden arasındakı mövcud fərqi açıq şəkildə ortaya qoydu. Bu, son ana qədər seçimini etməyən amerikalıların, hətta Baydenə üstünlük verənlərin bir çoxunun Trampla Bayden arasındakı seçiminə aydınlıq gətirməsinə kifayət edəcək qədər təsirli mənzərə oldu.
Güllənin Trampın başını təsadüfən kənara çəkməsi anında atılması və onun yalnız qulağını “cızması” isə inanclı amerikalıların bunu “Tanrının işarəsi” hesab etməsinə əsas verir. Ümumiyyətlə, Trampın bəxtli birisi olmasına dair qənaət yaradır. Bəxt isə həm həyatda, həm də siyasətdə olduqca önəmli və əvəzolunmaz silahdır.
Doğrudan da mənəvi kriteriyalardan, əxlaqdan, bəşəri dəyərlərdən uzaq, heç bir ideologiyası olmayan birisinin Respublikaçılar Pratiyası kimi köklü mühafizəkar siyasi qüvvənin başına keçməsi, vergi fırıldaqlarından, maliyyə maxinasiyalarından, seçkinin nəticələrinə müdaxilədən tutmuş pornoaktrisa ilə izdivacının gizlədilməsi üçün rüşvət verməsinə qədər bir çox sübut olunmuş cinayətlərinə rəğmən hələ də dünyanın ən güclü dövlətinin prezidenti olmaq şansını saxlaması həm də şans, bəxt məsələsidir. İndi onun bütün keçmiş cinayətləri, “şıltaqlıqları”, yalanları və s. keçmişdə, kölgədə qaldı. İndi bunlar artıq müzakirə mövzusu deyil və çətin ki, bu “günahları” seçki kampaniyasında Trampın “əl-ayağına dolaşsın”. …
Hazırda əlbəttə ki, sui-qəsdin sifarişçilərini axtaran sıravi amerikalının nəzəri ilk növbədə Demokratlar Partiyasına, onun arxasında duran qüvvələrə və Baydenin özünə yönəlib. İlk və əsas”şübhəli” məhz onlar, eləcə də şəxsən Baydenin özüdür. Prezident və Trampın əsas rəqibi odur.
Lakin çoxları onu da nəzərə almırlar ki, bu sui-qəsd onun nəticəsindən – Trampın ölüb-ölməməsindən asılı olmayaraq, Baydenin əleyhinə işləyəcəkdi. Heç kim təminat verə bilməz ki, Tramp ölsəydi, yaxud ağır yaralansaydı belə, onu seçkidə əvəz edəcək digər Respublikaçı namizəd Baydenə qalib gələ bilməyəcəkdi. Əksinə, hazırda ABŞ-də baş verənlərə görə bir nömrəli cavabdeh şəxs prezidentdir – Baydendir.
Ona görə də bütün irad və tənqidlər məhz onun ünvanına yönələcəkdi, necə ki, hazlırda da yönəlməkdədir. Odur ki, bütün hallarda Trampa atılan güllə Baydenə dəyəcəkdi və dəydi də…
Hazırda bütün gözlər Trampdan çox Baydendədir. Ona namizədlikdən geri çəkilməsi üçün partiya daxilində təzyiqlər daha da artacaq. Çünki bu hadisə Trampın onun üzərindəki üstünlüyünü qat-qat daha çox artırdı. Çünki çoxlarının da hesab etdiyi kimi, indiki durumda Trampa qalib gəlmək çox çətin olacaq və bunu edə biləcək birisi varsa da belə, bu, 100 faiz Bayden deyil!
Lakin bütün bunlarla yanaşı, nəzərə almaq lazımdır ki, hələ seçkiyə 110 gün qalır. Həmin müddət ərzində bir çox hadisələr baş verə, şərtlər dəyişə, Trampa sui-qəsd ikinci plana keçə, öz təsirini itirə bilər. Hətta heç kim təminat verə bilməz ki, bu, seçkiyə qədər yaşana biləcək son sui-qəsd idi…