ABŞ-də vətəndaş müharibəsi riski – “Tramp bunu özü təşkil edib”
ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılması bir sıra suallara səbəb oldu. Məsələn, Trampa atəş açan 20 yaşlı Tomas Metyu Kruks hadisədən bir neçə dəqiqə sonra “gizli xidmət” əməkdaşları tərəfindən öldürülsə də, onun yerinin əvvəlcədən müəyyənləşdirilməməsi, təhlükəsizlik qüvvələrinin hadisədən bixəbər olması, eləcə də onun dindirilmədən dərhal zərərsizləşdirilməsi hadisənin pərdəarxasında bir sıra qaranlıq məqamlar olduğunu deməyə əsas verir. Görünür, bunun nəticəsidir ki, Tramp bu hadisədə məhz Baydenin əlinin olduğunu, Bayden isə Rusiyadan şübhələndiyini deyib. Bir çox ekspertlər isə bu hadisəni ABŞ siyasətindəki nizamsızlıq və formalaşmaqda olan çoxqütblü idarəçilik fonunda dünya siyasəti üçün yeni dövrün başlanğıcı kimi analiz ediblər.
Oxu.Az yerli və beynəlxalq ekspertlərlə mövzunu araşdırıb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın fikrincə, bütün əlamətlər onu göstərir ki, Trampa atəş açan gənc hadisəni heç kimdən göstəriş almadan və motivləri bəlli olmayan səbəblərə görə törədib:
“Təəssüf ki, bu hadisə ABŞ-də ilk deyil və bu günə qədər bir neçə ictimai-siyasi liderə qarşı zamanla sui-qəsdlər həyata keçirilib. Buraya 1804-cü ildə Aleksandr Hamilton və Aaron Burr arasında başlayan və Hamiltonun ölümü ilə nəticələnən dueldən başlayaraq, 1865 və 1881-ci illərdə prezidentlər Avraam Linkoln və Ceyms Qarfildin öldürülməsi ilə davam edən, həmçinin 1901-ci ildə Vilyam Mak-Kinli, 1963-cü ildə Con Kennedinin öldürülməsi daxildir. Hətta 1968-ci ildə Kennedinin qardaşı senator Robert Kennedi də məhz prezident seçkisi kampaniyası zamanı göstərdiyi fəallığa görə öldürülüb. Üstəlik, həmin il ictimai-siyasi xadim Martin Lüter Kinq bu aspektdə qətlə yetirilib. 1981-ci ildə isə prezident Ronald Reyqana qarşı sui-qəsd edilsə də, uğursuz olub”.
“Çox güman ki, Donald Trampa qarşı edilən bu sui-qəsd cəhdi qısa müddət ərzində ABŞ-də prezident seçkisi kampaniyasına öz təsirini göstərəcək. Ola bilsin ki, Bayden və komandası bundan sonra Trampa qarşı hücumlarını azaldacaq və daha yumşaq siyasət yürüdəcəklər. Bunun fonunda isə Tramp seçicilərdən daha çox dəstək qazanacaq. Lakin Birləşmiş Ştatlarda noyabrda keçiriləcək prezident seçkisinə hələ çox var. Bu zamana qədər fərqli ssenarilər meydana gələ bilər”, – deyə ABŞ-li diplomat əlavə edib.
Beynəlxalq hüquq üzrə amerikalı ekspert İrina Tsukerman isə açıqlamasında bildirib ki, Trampa hücum edən gənc “gizli xidmət” tərəfindən zərərsizləşdirilənə qədər ərazi üzrə mövqeyini dəyişməyə müvəffəq olub və nəhayət onu öldürə biliblər:
“Prezident Bayden və keçmiş prezident Barak Obama tez bir zamanda hücumu pislədilər. Bayden və Tramp arasında telefon danışığı da oldu. Ehtimal edilir ki, “gizli xidmət”in fəaliyyəti sərtləşdiriləcək və potensial təhlükənin zərərsizləşdirilməsi ilə bağlı nümayiş olunan uğursuzluq araşdırılacaq”.
“Mitinq respublikaçıların qurultayına cəmi iki gün qalmış baş tutub. Belə ki, qurultayda Trampın namizədliyini rəsmən elan edəcəyi gözlənilirdi. Hadisənin də məhz bu fonda baş verməsi, çox güman ki, ABŞ təhlükəsizlik orqanlarına inamsızlığı artıracaq. Bu baxımdan da, təbii ki, ABŞ və bəzi xarici dövlətlər təhlükəsizlik tədbirlərindəki uğursuzluqları, hadisələrə verilən siyasi reaksiyaları və cəmiyyətdə sui-qəsd təbliğatının sürətlə yayılmasını qiymətləndirib, öz mənafeləri üçün istifadə edəcəklər. Yəni ekstremist ritorika və rezonansları daha da gücləndirəcəklər”, – Tsukerman vurğulayıb.
Rusiya Prezidenti yanında Beynəlxalq Əlaqələr Şurasının Rəyasət Heyətinin üzvü, politoloq Boqdan Bezpalko isə bu hadisənin Trampa qarşı yönələn aqressiv informasiya kampaniyasının nəticəsi olduğu qənaətindədir:
“Bu kampaniya Trampı dünya ictimaiyyətinə cinayətkar kimi təqdim edib, potensial təhlükə mənbəyi kimi göstərərək ABŞ əhalisini ona qarşı yönəltməyə çalışıb. Aydındır ki, bəzi gənclər, o cümlədən Trampa atəş açan 20 yaşlı Metyu Kruks da Trampı öldürməklə ABŞ-ni və dünyanı xilas edəcəyini düşünüb. Mən istisna etmirəm ki, qətlə yetirilən gənc hansısa xüsusi xidmət orqanları ilə əlaqəli ola bilər, çünki onun dərhal, ələ keçirilib dindirilmədən məhv edilməsi məni təəccübləndirir. Məntiqli olardı ki, onu zərərsizləşdirib sorğu-sual etsinlər və kimlərləsə əlbir olub-olmadığını müəyyənləşdirsinlər. Bəlkə, Trampı öldürmək istəyən başqaları da var?”
İsrailli politoloq Yuri Boçarov isə hesab edir ki, Amerika Birləşmiş Ştatlarında baş verənlər gözlənilən idi:
“Çünki prezidentliyə namizədlər öz seçicilərinə rəqiblərinin bütün ölkə üçün faciə olduğunu dəfələrlə bildiriblər. Görünür, bu mesaj seçicilər tərəfindən eşidilib və cinayətkar da öz düşüncəsində “vətənini müdafiə etmək” qərarına gəlib. Ehtimal ki, prezidentliyə namizəd Tramp öz seçki kampaniyası üçün bu sui-qəsd cəhdindən fəal şəkildə istifadə edəcək ki, bu da təbii olaraq ona əlavə dividendlər gətirəcək. Qarşı düşərgə isə imicini bərpa etmək üçün çox güman, ölkəyə yeni bir sima – namizəd təqdim edəcək və sui-qəsd cəhdindən təmizlənməyə çalışacaq. Bu isə o deməkdir ki, Donald Tramp haqlıdır və prezident olmağa layiqdir”.
Türkiyəli tarixçi, siyasi icmalçı Mehmet Perinçekə görə isə bu hadisə bir daha sübut etdi ki, sadəcə, dünya deyil, Amerika Birləşmiş Ştatlarının özü də artıq çoxqütblü idarəçilik sisteminə qədəm qoyub:
“ABŞ-də baş verən hadisə adi bir seçki mübarizəsi deyil, iki fərqli qütbün, iki fərqli siyasətin mübarizəsidir. Yəni Co Bayden, sadəcə, Demokratlar Partiyasının prezidentliyə namizədi deyil, həm də ABŞ-dəki qlobalistləri təmsil edir. Donald Tramp isə Respublikaçıların prezidentliyə namizədi olmaqla yanaşı, ölkə daxilində günbəgün nüfuz qazanan millətçilərin lideri sayılır. ABŞ-dəki bu iki qütb arasındakı ziddiyyətin kökündə isə bu dayanır: Trampın təmsil etdiyi qanad köklü dəyişiklikləri ön plana çəkir və dünyanın işlərini deyil, daxili problemləri həll etməyi əhəmiyyətli hesab edir. Bayden isə ABŞ-nin dünyadakı hegemonluğunun davam etməsində maraqlı olduğunu ehtiva edən siyasət yürüdür. Bu isə o deməkdir ki, rəsmi Vaşinqtonda artıq nizam pozulub və ABŞ-də hakimiyyətə kim gəlir-gəlsin, “dərin dövlət imkan verməyəcək”, “ənənəvi siyasət dəyişməyəcək” kimi fikrilər sona çatıb”.
Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyevanın sözlərinə görə isə bu hadisəni prezidentliyə namizədə sui-qəsd deyil, ABŞ demokratiyasına sui-qəsd cəhdi kimi qəbul etmək lazımdır:
“Məsələ ondadır ki, buna qədər prezidentliyə namizədlərin seçki marafonu daha çox Tramp əleyhinə yönələn hadisələrlə yadda qalıb. Məsələn, şübhəli məhkəmə qərarları, onun əleyhinə sərt təbliğat və son olaraq sui-qəsd cəhdi. Ona görə də bu hadisə həm də ABŞ demokratiya siyasətinin hansı səviyyədə olduğunu üzə çıxardı. Məsələn, media siyasətinin hansı çərçivədə müstəqil olması, cəmiyyət-media-hakimiyyət-sıravi vətəndaş arasında necə dərin uçurum olduğu məlum oldu”.
“Digər tərəfdən, Demokratlar uzun illərdir Trampa qarşı sərt kampaniya aparır, onun hətta Adolf Hitlerdən daha təhlükəli olduğunu deyirdilər. Məqsəd də Trampa qarşı nifrət hissini artırmaq idi. Bu isə cəmiyyətdə ciddi gərginlik yaradırdı. Ona görə də Trampa qarşı başlayan proseslərin fonunda bu hadisənin baş verməsi, çağırışların Trampa qarşı sui-qəsdə zəmin yaratmaq kimi də dəyərləndirilməsi ilə nəticələnə bilər. Həmçinin, Demokratların bu istiqamətdə yaydığı fərziyyələri də nəzərə alsaq, bunun ABŞ-də vətəndaş müharibəsi riskini artırdığını da deyə bilərik. Çünki faktiki olaraq Demokratlara məxsus media platformalarında iki əsas tezis tirajlanır: “Tramp buna layiqdir” və “Tramp bunu özü təşkil edib”.