“Ekol Mühəndislik Xidmətləri” QSC ilə “EL-85” MMC-nin işbirliyinin arxasında nələr dayanır
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş, 17.04.2006-cı il tarixdə isə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.
QSC-nin fəaliyyətinin əsas məqsədi respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdən ibarətdir. 2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 100 % təsisçiliyi ilə “EKOL Veyst Management” MMC və “Interchemservices” MMC yaradılaraq tullantıların idarə olunması sahəsində fəaliyyət göstərməkdədirlər.
Müəssisə öz fəaliyyətini Azərbaycan Respublikasının Ekoloji Qanunvericiliyinin tələbləri çərçivəsində sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq “Bakı Ağ Şəhər” layihəsinin icrasına qoşulmuşdur. Bu nəhəng layihənin iştirakçısı olaraq QSC “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neft şlamının çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini yerinə yetirir. QSC ərazidə neftlə çirklənmiş torpağın çıxarılaraq poliqona daşınmasını, yerinə münbit torpaqla doldurub yaşıllıqların salınmasını təmin edir.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayına qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev olub. Sözügedən tarixdən şirkətə rəhbərlik müvəqqəti olaraq Rəşad Mustafayevə həvalə olunub. O, bundan əvvəl “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini olub və “Ekol Mühəndislik Xidmətləri”ndə hələ ki, Baş direktorun müşaviri vəzifəsinə gətirilib.
Yuxarıda qeyd etdiyimiz kimi “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsini həyata keçirir. Bu müddət ərzində nə qədər ərazidə nə kimi işlər görülüb QSC nin elektron mediaya verdiyi xəbərlərdə məlumatlar var.
Aktualinfo.org-a verilən məlumatlara görə sözügedən ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sifarişləri əsasında müxtəlif şirkətlər həyata keçirir. Ötən il QSC-nin Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti udub. Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” QSC sözügedən tenderi dövlət satınalmalarının vahid internet portalında keçirməyib. Bu nə qədər qanunauyğundur aidiyyatı qurumlar aydınlıq gətirər.
Redaksiyanın əldə etdiyi məlumata görə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmir. Hazırda MMC-nin təmizləyərək üstünü torpaqla örtdüyü yerlərdən yenidən neft tullantıları çıxır ki, bu da məcburən dənizə axıdılır. Bu isə ərazidə çirklənmiş torpaqların yenidən təmizlənməsini tələb edir. Verilən məlumatlarda həmçinin bildirilir ki, “EL-85” MMC nin heç bir texnikası yoxdur. MMC ağır tonnajlı yük avtomobillərini icarəyə götürür ki, bu da artıq vəsaitin xərclənməsinə gətirib çıxarır. Bundan əlavə avtomobillər çox vaxt məqsədli şəkildə yükü az doldurur ki, bu da gün ərzində 5 reys əvəzinə 10 reys etməsinə gətirib çıxarır ki, buradan da əlavə pullar yazılır. Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC ilə “EL-85” MMC-nin bu işbirliyinin arxasında külli miqdarda dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması dayanır.
Bütün bunlara baxmayaraq “Ekol Mühəndislik Xidmətləri” QSC növbəti dəfə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bu müqaviləyə görə “EL-85” MMC Pirallahı rayonunda 45 hektar neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini həyata keçirməlidir. Ağ şəhərdə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməyən MMC-yə belə böyük həcmili bir işi həvale etmək nə dərəcədə doğrudur?
Burada rayonda neft-qaz əməliyyatları aparılmış bütün yataqların ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, yaranmış çirkli göllər və gölməçələrin təmizlənərək qurudulması, lay sularının bu ərazilərə axıdılmasının qarşısı tamamilə alınması, neft mədənləri ərazisində geniş yayılmış sənaye-məişət tullantıları ləğv edilməsi işləri və ərazidə abadlıq işlərinin görülərək yaşıllıqların salınması işləri daxildir.
İndi gəlin görək “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyəti bütün yuxarıda sadalanan işləri həyata keçirmək iqtidarındadırmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, 2-Cİ ZEYTUN SOVXOZU , ev 143, m. 2, qanuni təmsilçisi kimi isə Qasımov Elqayıt Nurəddin oğlu qeyd olunub.
Qeyd edək ki, MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. MMC-nin maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin.
Bütün bunlar isə “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən keçirilən müsabiqəyə dair maliyyə imkanlarının və oxşar təcrübələrin qiymətləndirilməsinə dair tələblərin “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarı tələblərinin pozulması deməkdir.
Araşdırmalarımız davam edir və bir sıra aidiyyatı qurumlardan “Ekol Mühəndislik Xidmətləri” QSC-də yol verilən qanunsuzluqlara münasibət öyrənib mövzuya daha ətraflı bir daha qayıdacağıq.
Aktualinfo.org