Dövlət Departamenti: ABŞ-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə regional əlaqələrdə sülhün vacibliyi müzakirə edilib
Antoni Blinken Azərbaycan və Ermənistan ilə davamlı və qalıcı sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşə dair yayımladığı bəyanatda qeyd edib.
Sözçü bildirib ki, görüşdə regional əlaqələrin təşviqində sülhün vacibliyi vurğulanıb:
“Dövlət katibi sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün gələcək addımların atılmasını təşviq edib ki, bu da bütün Cənubi Qafqaz regionuna fayda verəcək”.
Qeyd edək ki, iyulun 10-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.
Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.