Orbanın Şuşadan yazdığı məktub üzə çıxdı
Macarıstan Baş naziri Viktor Orban Ukrayna və Rusiyaya səfərindən sonra Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və AB-yə üzv dövlətlərin başçılarına qapalı məktub yazıb.
Bu barədə Rusiyanın “Sistema” araşdırma layihəsi adının açıqlanmasını istəməyən avropalı rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, iyulun 5-də Macarıstanın baş naziri Moskvaya səfərindən dərhal sonra 5 iyulda Şuşaya gəlib və axşam saatlarında Azərbaycandan məktub göndərib. O, məktubda “tərəflərin mövqelərini öyrənmək” üçün Kiyev və Moskvaya getdiyini izah edib.
Orbanın sözlərinə görə, Moskva vaxtın onların tərəfində olduğuna inanır. Putin Rusiya ordusunun itkilərindən danışmayıb, ancaq əmin edib ki, Ukrayna hər ay təxminən 40-50 min hərbi qulluqçu itirir.
“Putin Ukrayna prezidentinin müvəqqəti atəşkəsi rədd etməsinə təəccübləndi. Rusiya prezidentinin sözlərinə görə, onlar Ukrayna qüvvələrinin gizli yerdəyişməsi və yenidən qruplaşdırılması rolunu oynamayan atəşkəslə bağlı istənilən təklifi nəzərdən keçirməyə hazırdırlar”, – məktubda deyilir.
Macarıstanın baş naziri yazıb ki, həm Kiyev, həm də Moskva danışıqlara yalnız hər iki tərəf iştirak etdiyi təqdirdə hazırdır. Putin həmçinin onu “İstanbul razılaşmaları”nın aktuallığına inandırıb, lakin Ukrayna prezidentinin sülh formuluna və İsveçrədəki sammitə münasibəti ilə bağlı suala cavab verməyib.
Orban Avropanı “təşəbbüs göstərməyə” çağırıb, çünki ABŞ-da hər kəs indi prezident seçkilərinə hazırlaşmaqla məşğuldur:
“Əgər bu prosesi (müharibəni – red.) saxlaya və ya dayandıra bilməsək, o zaman qarşıdakı iki ayda cəbhə xəttində əvvəlkindən daha dramatik itkilər və hərbi hadisələr görəcəyik”.