“Türkiyə sizdən bunun hesabını soruşacaq” – Merihlə bağlı sərt mesaj
Məlum olduğu kimi, AVRO-2024-ün son 16 turu çərçivəsində baş tutan Türkiyə – Avstriya matçında iki qol vuraraq komandasını növbəti mərhələyə daşıyan türk furbolçu Merih Demiralın qol sevinci dünya mediasında rezonans doğurub. Belə ki, Merih hər iki qoldan sonra türkçülüyün simvolu hesab olunan “bozqurd” işarəsi tutub. Bunun ardından UEFA Merihin məlum hərəkətinə görə, araşdırma başladıldığını açıqlayıb.
Qeyd edək ki, ötən gün Almaniyanın “Bild” nəşri yalan xəbər yayaraq guya M. Demirala UEFA tərəfindən iki oyunluq cəza verildiyini iddia edib. Türkiyə Futbol Federasiyası bu əsassız xəbərin ardından dərhal açqlama yayaraq Merih Dəmiralın 2 oyunluq cəzalanması xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.
Türkiyədə kəskin etirazlara səbəb olan bu xəbərlə bağlı “SABAH” nəşrinin idman direktoru Murat Özbostan maraqlı bir yazı dərc edib.
Türk jurnalist Almaniyanın türklərə münasibətinin birmənalı olmadığını bildirib:“AVRO-2024-ün son 16 turunda Avstriyanı 2:1 hesabı ilə məğlub edən millimiz 1/4 finala yüksəlib və Hollandiyanın rəqibi olub. Məlum olduğu kimi, Almaniyanın daxili işlər naziri Nensi Fazer Melih Demiralın “bozqurd” işarəsi ilə bağlı açıqlamasında “Türk ifrat sağçılarının simvoluna stadionlarımızda yer yoxdur” deyib. Burada qəribə olan odur ki, almanlar bu məsələni israrla davam etdirirlər. Turnir boyu alman şərhçilərin Milli Komandanın ünvanına aşağılayıcı ifadələr işlətdiyini, qalib gəldiyimiz matçlardan sonra azarkeşlərimizin sevincini narahatlıqla qarşıladıqlarını görmüşük. İndi bu prosesi Merih üzərindən davam etdirirlər. Türkiyənin düşməni olan “Bild” nəşri futbolçumuzun 2 oyunluq cəzalandığını yazaraq böyük təxribat törədib. “Bild” xəbərin mənbəyini açıqlamayıb, bu, onların hər zamankı vərdişləridir. Əvvəlcə ortalığı qarışdırırlar, sonra da çəkilib kənarda dururlar”.
Özbostan qeyd edib ki, “Bild” nəşri bu yolla UEFA-ya təzyiq etməyə çalışır:“Türkiyənin uğurları və azarkeşlərinin böyük həvəsi Hollandiya matçı öncəsi ciddi təşviş yaradıb. Komandamız haqqında edilən çirkin şərhlər və yazılar “Bild”dən başqa digər alman nəşrləri tərəfindən də davam etdirilir. Oyunçumuzun cəzalandırılması üçün bütün lobbilərini işə salıblar. Hətta alman nazirlər də bu işə qarışıb qara piyar aparırlar. UEFA-ya təzyiq göstərmək üçün hər cür çirkin kampaniyalara əl atırlar. Ancaq Merih cəza alsa, Türkiyə sizdən bunun hesabını soruşacaq”.
Qeyd edək ki, UEFA M. Demirellə bağlı qərarını bu gün açıqlayacaq.