Mişel Obama həm Baydeni, həm də Trampı üstələyir – Son sorğuların gözlənilməz nəticələri
Məlum olduğu kimi, amerikalılar arasında ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək iki əsas namizədin – Donald Tramp və Co Baydenin heç biri populyar deyil. Ölkə vətəndaşları hərəsi bir cür qeyri-adekvatlığı ilə seçilən bu iki namizəddənsə, üçüncü – daha gənc, enerjili və normal bir namizədə səs verməyə üstünlük verərdilər. ABŞ-də keçirilən son sorğular da bunu təsdiqləməkdədir.
Son sorğular amerikalı seçicilərin 50%-inin sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamaya səs verməyə hazır olduqlarını göstərib. Belə ki, “Ipsos” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə, M.Obama 2024-cü il prezident seçkilərində demokratların namizədi olsaydı, partiyanın tərəfdarlarının böyük qismi məhz ona səs verəcəkdi. Sorğu onu da göstərir ki, əgər Mişel Obama və eks-prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsaydı, respondentlərin 50%-i keçmiş birinci xanıma, yalnız 39%-i isə Trampa səs verərdi.
Qeyd edək ki, martın əvvəlində NBC telekanalı Mişel Obamanın ofisinə istinadla bildirmişdi ki, ABŞ-nin keçmiş birinci xanımı 2024-cü ildə prezidentliyə namizəd olmayacaq. Lakin Trampla debatdakı uğursuzluğundan sonra Baydenin başqa bir namizədlə əvəzlənməsi məsələsi gündəmə gəlib.