“Qanun qəbul edəndə icra mexanizmini nəzərə almalıdırlar ki, sonra qanunda “boşluq”lar olmasın”

 

“Dayanma-durma və parklanma ilə bağlı cəzalar demək olar ki, kiçik miqdarda artırılıb. Burada səkidə hərəkət edən, səkidə park edilmiş avtomobillərlə bağlı cəzalar sərtləşdirilib. Eyni zamanda parklanma yerlərində əlillər üçün nəzərdə tutulmuş nöqtədə digər avtomobillərin parklanması zamanı onlara qarşı cərimə nəzərdə tutulur”.

Bu barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, indiyə qədər bu cərimə 10 manat idi, bu birdən-birə 60 manat oldu. Səkidə park etmək 60 manat, taksi işarəsi olan taksi duracaqlarında digər nəqliyyat vasitələrinin parklanması 40 manat oldu.

“Bu günə qədər belə bir cəza yox idi”-deyən ekspert hesab edir ki, bu vacib məsələdir. Çünki parklanma yerlərində əlillərə çox məhdud sayda yer ayrılır.

“Tutaq ki, 150 avtomobilin park edildiyi yerdə 2-3 yer əlillərə ayrılır. Bəzən görürsünüz ki, hansısa yaramaz bir adam işarəni gördüyü halda gəlib avtomobilini burada park edir. Elə situasiyalar var ki, bu işarə görünməyə də bilər. Bilirsiniz ki, əlillər üçün nəzərdə tutulan parklanma yerləri asfalt üzərində işarələnmiş işarə ilə fərqlənir. Azərbaycanda da məlum məsələdir ki, keyfiyyətsiz boyalardan istifadə olunur və asfalt üzərinə çəkilən rəng 2 aydan sonra silinib gedir. Vətəndaş parklanma yerinə girəndə baxır ki, harada boş yer, elə orada saxlayır. Bəzi hallarda həmin məhdudlaşdırıcı işarəni görmür. Qapalı parklanma yerlərində rəng gec silinir və yaxud daha aydın görünür.

Təkilf edərdim ki, əlillər üçün nəzərdə tutulan o parklanma yerləri xüsusi lövhələrlə də fərqləndirilsin. Vətəndaş tam aydın şəkildə uzaqdan görsün ki, bura əlil üçün nəzərdə tutulub. Yoxsa, asfalt üzərinə bir dənə xətt çəkirsən, o xətt ordan silinir, lap deyək ki, qış vaxtı qar yağıb üstü örtülüb. Vətəndaş “Nostradamus” deyil ki, əlil işarəsinin olub-olmamasını hiss etsin. Yəni belə qanunlar qəbul edən parlamentarilərimiz bu barədə vaxtında düşənsəydilər, daha effektiv olardı”-deyə ekspert bildirib.

Elməddin Muradlı əlavə edib ki, qanun xətrinə qanun qəbul etmək olmaz.

“Qanunu qəbul edəndə icra mexanizmini nəzərə almaq da lazımdır. Məsələn, skuterlərlə bağlı qanun qəbul etdilər. Skuterləri parklanma yerindən kənarda atıb gedirdilər, insanların əl-ayağına dolaşırdı, səkilərdə hərəkət etmək problem olurdu, biri əyri saxlayırdı, biri düz saxlayırdı. Qanuna bunu gətirdilər ki, skuterləri yalnız parklanma yerində park etmək lazımdır. Belə deyək ki, vətəndaş gətirib skuteri parklanma yerində saxlayıb. Bir dəcəl uşaq da gəlib götürür, atır o tərəfə, bu tərəfə. Sonra atır yolun ortasına, çıxıb gedir. Burada kim cərimələnəcək? Cərimə kimə yazılacaq? Hansı mexanizm ilə yazılacaq? Yəni belə “yetərsiz” qanunlar qəbul edirlər. Sonra deyirlər ki, qanunvericilikdə boşluqlar var. Bax, burada müəyyən ziddiyyətlər yaşanır”-deyən ekspert hesab edir ki, bundan sonra səkidə saxlamağın 60 manat cəriməsinin olduğunu bilən vətəndaş daha səkidə saxlamayacaq, səkilər boşalacaq.

“Cəza 60 manat olduğuna görə, yol polisi əməkdaşı da maraqlı olacaq ki, səkidə park edilmiş avtomobillərə qarşı tədbir görülsün. Beləliklə, səkilər piyadaların istifadəsinə qaytarılacaq. Piyadalar səkidə rahat hərəkət edə biləcəklər. Taksi duracaqları başqa avtomobillər tərəfindən zəbt olunurdu. Cərimələr artırıldıqdan sonra taksi duracaqları da taksi sürücülərinin istifadəsinə qaytarılacaq”-deyə ekspert vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password