İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir – Detallar açıqlandı

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Azərbaycanla Ermənistan arasındakı sülh prosesində ABŞ-nin fəallığı müşahidə edilir. Ağ Evin bu prosesdə israrlı mövqeyinə səbəb nədir? Sizcə, Vaşinqton bölgədə formalaşacaq sülh müstəvisində nə dərəcədə təsirli ola bilər?

– Amerika əldə ediləcək çərçivə sülh sənədinin mahiyyətinə təsir etmək niyyətindədir. Onlar üçün Ermənistanın təhlükəsizlik məsələsi amili var. Bununla paralel olaraq Türkiyə ilə də əlaqələrdə bir canlanma mövcuddur. Ardıcıl müzakirələr, telefon danışıqları və sair buna misaldır. Məqsəd də odur ki, bu ərazilərdə Rusiyaya məxsus hərbi infrastruktur tam olaraq götürülsün. Eyni zamanda burada dəhlizlə bağlı da yanaşmaları nəzərə almaq lazımdır. Əvvəllər iddia edilirdi ki, Zəngəzur dəhlizinin açılması ancaq Rusiyaya lazımdır. İndi isə bunun əksi müşahidə edilir. Azərbaycandan başqa bu dəhlizin açılması bir çox ölkələrin maraq dairəsindədir. Sözsüz ki, bu amil də vəziyyətə təsir edir. Ona görə də, hazırda geopolitik tendensiyalar məhz bundan ibarətdir.

– Vaşinqtonun fəallığı fonunda Moskvanın bölgə ilə bağlı mövqeyində nə kimi dəyişikliklər gözlənilir?

– Rusiyanın bölgədən çıxarılması və ilkin olaraq gələcək sülhün əsasları gündəmdədir. Təbii ki, söhbət yekun sülhdən getmir. Bir çox problemlər var. Bu sərhədlərin müəyyən edilməsi və s məsələlərlə bağlıdır. Amma gələcək sülhün cizgiləri və prinsiplərini müəyyən etmək üçün ABŞ indi əsas tərəflərdən bir kimi çıxış edir.

– Ermənistan tərəfi bir aya Azərbaycanla sülhün əldə ediləcəyi ehtimalını gündəmə gətirir. Bu, hansı məntiqlə izah oluna bilər? Tərəflərin qısa zamanda sülh masasına oturması gözlənilirmi?

– Söhbət ilkin sazişdən gedir. Ermənistan istəyir ki, çox ciddi bir məsələni bura daxil etsin. Hazırda onların əsas məqsədi sərhədə aid hansısa prinsiplərin təsbit edilməsidir. İstəkləri odur ki, keçmiş SSRİ dağılan zaman onlarda qalmış əraziləri mənimsəsinlər. Çünki onlar Azərbaycan ərazilərini anneksiya yolu ilə ələ keçirmək istəyirdilər. Amma bu mümkün olmadı. Ona görə də, erməni tərəfi keçmiş sovet dövrünün dağıldığı zamanlarda olan sərhədləri özlərinə birləşdirmək niyyətindədir.

– Vaxtilə bu sərhədlərdən imtina edən erməni tərəfinin əsas arqumentləri nədən ibarətdir?

– Fakt odur ki, Ermənistan rəsmi olaraq həmin sərhədlərdən imtina edirdi. Ona görə də, burada müxtəlif problemlər var. Güman ki, ilkin olaraq bu bənd, yəni həmin şərtlər olmadan hansısa sənəd imzalana bilər. Bu əslində mümkün olan bir şeydir.

– Daha çox çətinlik hansı sahələrlə bağlıdır?

– Sərhədlər məsələsi indiki mərhələdə həll olunası deyil. Bu uzun zaman alacaq bir prosesdir.

– Ermənistanın hüquqi aktlarındakı ərazi iddiaları ilə bağlı nüanslar necə həll olunacaq?

– Azərbaycanın məqsədi odur ki, o öz milli maraqlarını təmin etsin. Ermənistanın da məqsədi fərqli deyil. Onlar da öz məqsədlərini reallaşdırmaq niyyətindədir. 30 illik işğal dövründə Ermənistan Azərbaycanın dövlətçilik və milli maraqlarına ziyan vurub. Təbii ki, Azərbaycan bunların əvəzini çıxmalıdır. Siyasi-iqtisadi və ərazi baxımından bu prinsiplər təmin olunmalıdır. Ona görə də, Ermənistan tərəfi heç də buna təəccüblə yanaşmamalıdır.

– Qarşı tərəfin əsas iddiaları nəyə hesablanıb?

– Erməni tərəfi iddia edir ki, uydurduqları folklor və əfsanələr “qanunidir”. Faktiki olaraq ermənilər Azərbaycan torpaqlarında yaşaya-yaşaya ərazi iddiaları ilə çıxış ediblər. 30 minə yaxın azərbaycanlı Ermənistanın yaratdığı münaqişənin qurbanı olub. Bunların cavabını erməni tərəfi verməlidir. Bunları bildiyi halda erməni tərəfi məsuliyyətdən qaçmaq istəyir. Özlərini də elə aparırlar ki, guya söhbətin nədən getdiyini başa düşmürlər. Əslində hər şeyi yaxşı başa düşürlər. İstəyirlər ki, kiminsə arxasında gizlənib köhnə əməllərinə davam etsinlər. Amma bu indi mümkün olmayacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password