Od tutub yanan mövsüm meyvələri… – Belə hara gedirik?..
Bildiyimiz kimi, bazarda mövsüm meyvələri həddindən artıq baha qiymətə satılır. Xüsusən yemiş və qarpızın qiyməti əksəriyyət alıcılar üçün əlçatan deyil. Hətta iş o yerə çatıb ki, supermarketlər yemiş və qarpıza “endirim” kampaniyasına belə başlayıblar.
Bu “endirim” kampaniyası istehlakçıya qarşı təhqiramiz deyilmi? Həmçinin, endirim qiymətlərini (1.50 yemiş, 0.70 qarpız) əhali üçün əlçatan hesab etmək olar?
Mövzunu Poliqon-un əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və sosioloq Elçin Bayramlı ilə müzakirə edib.
Keçən ilə nisbətən bu ilin daha yağıntılı olduğunu vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Poliqon-a bildirib ki, buna görə də, kənd təsərrüfatı məhsullarında defisit var:
“Kənd təsərrüfatı mallarının fermadan və yaxud da tarlada istehlakçıya çatdırılması zəncirində bir həlqə var. Bu həlqə “Meyvəli” bazarıdır. Demək olar ki, Bakının bütün marketlərinə gətirilən kənd təsərrüfatı malları həmin həlqədən, yəni “Meyvəli” bazardan keçir. “Meyvəli” bazarında isə bazarın üçüncü subyekti mövcuddur. Bunlar da alverçilərdir. Onlar təşkil olunmuş şəkildə avtomobilləri ilə gətirib malı paylayırlar və bunuda qiymətin artmasında bu subyektin böyük rolu var. Onlar malın üzərinə özlərin əlavə qiymətlərini qoyurlar.
Eyni zamanda “Meyvəli” bazarından gəlməyən malları marketlər qəbul etmirlər. Çünki onlara orada müəyyən sənəd verirlər. Guya təhlükəsizlik təmin olunur və s. Beləliklə də, qiymətlərin qalxmasında onların, üstəlik də marketlərin böyük rolu var. Marketlər də öz qiymətlərini əlavə edirlər.
Bu il də mod düşüb. Qaralmış bananaları soyub qablara yerləşdirirlər və satırlar. Bu kimi yollardan istifadə edib, öz mallarını istehlakçının boğazına tıxayırlar. Əlbəttə, endirimlər heç də onları zərərə salmır. Çünki bu endirimlər bir qayda olaraq uydurma xarakterlidir. Kim hardan, necə endirim edir, heç kim bilmir. Ona görə də, düşünürəm ki, endirimlərlə bağlı qaydalar qəbul edilməlidir.
Ümumiyyətlə, keçən ilə nisbətən bu ilin daha yağıntılıoldu. Buna görə də, kənd təsərrüfatı məhsullarında defisit var. Artıq son 25 ildə yalnız keçən il ərik bol oldu. Ancaq bu il də ərik yenə defisitdir, yəni azdır. Buna görə, kənd təsərrüfatı məhsullarının qiyməti yüksəkdir. Ölkədə əsasən kənd təsərrüfatı malları istixanalarda yetişdirilir. Qarpızlar, yemişlər İrandan gətirilir. Qiymət də belə formalaşır. Dövlət orqanlarının buna müdaxilə etməyə ixtiyarları yoxdur”.
Meyvə-tərəvəz əkən bütün kəndlilərin müflis olduqlarını bildirən sosiloq Poliqon-a açıqlamasında sual edib ki, belə bir halda, kim gələn il meyvə-tərəvəz əkəcək?
“Çox təəssüf ki, meyvə-tərəvəz ölkəsində meyvə-tərəvəz artıq qızıl qiymətinədir. İldən-ilə də bu vəziyyət daha da pisləşir. Meyvə-tərəvəzlərin qiyməti bahalaşır. İllərdir biz aqrar sektordakı vəziyyəti tənqid edirik. Aqrar ölkədə bu qiymətlər sadəcə olaraq biabırçılıqdır. Azərbaycanda meyvə-tərəvəzin qiyməti hətta, Avropadan belə bahadır. İstinadsız olaraq bütün qonşu ölkələrdən bahadır. Əhalinin gəlir səviyyəsinə görə bu qiymət əl çatan deyil. Təssüf ki, Kənd Təsadüf Nazirliyi başda olmaqla, müvafiq qurumlar bu barədə heç bir narahatçılıq göstərmirlər, heç bir tədbir görmürlər. Əksinə vəziyyət daha da pisləşir.
Məsələnin digər tərəfi də ondan ibarətdir ki, faktiki olaraq bazar mafiyası var. Həmin mafiya sahədə meyvə-tərəvəzləri ucuz qiymətə alıb, Bakıda 10 dəfə bahaya satırlar. Məsələn, Tovuz rayonunda əkinçilər sahədə lobyanı 18 qəpikdən satırlar. Çünki onların lobyanı şəhərə aparıb, satmaq imkanı yoxdur. Buna müxtəlif maneələr və qadağalar var. Bazalar alverçi mafiyası tərəfindən tutulub, yollarda belə başlarına gəlməyən oyun qalmır. Öz maşınlarında belə həyətlərdə satmağa imkan vermirlər.
Nəticədə də, meyvə-tərəvəz əkən bütün kəndlilər müflis oldular. Belə bir halda, kim gələn il meyvə-tərəvəz əkəcək? Niyə əkməlidirlər ki? Bu məsələlər Kənd Təsadüfı Nazirliyinin, Nazirlər Kabinetinin, hökumətin diqqətində olmalıdır. Onlar görməlidir ki, bu biabırçılıqdır və qarşısı alınmalıdır. Bazardan mafiyalar yığışdırlmalıdır, nazirlik tərəfindən təşkil olunan yarmarkalara alverçilər yox, kəndlilər buraxılmalıdırlar. Digər rayonlarda da yarmarkalar təşkil olunmalıdır.
Sistem elə qurulub ki, ölkənin kənd təsərrüfatı məhv olur, biz idxaldan asılı qalırıq. Faktiki olaraq, alverçilər ölkə iqtisadiyyatını çökdürürlər. Onsuz da biz, 50 faiz idxaldan asılıyıq. Bu da çox yüksək rəqəmdir. Çünki bizim öz təminatımız 100 faiz olmalıdır. Orqanlar hər il vəziyyətin daha da pis olduğunu görmürlər? Onlar nə işlərlə məşğuldurlar? Hanı planlama? Hanı bazarlara çıxış imkanlarının yaradılması? Heç nə yoxdur. Təbii ki, belə halda da, müsbət heç nədən danışmaq mümkün deyil.
Hesab edirəm ki, vəziyyət getdikcə, daha da pisləşəcək. Yerli məhuslların da, xarici məhuslların da qiyməti qalxacaq və əhalinin vəziyyəti ağırlaşacaq. Üstəlik də, kəndlərdə əkinçilər heç nə əkmək istəmirlər. Beləliklə də, işsiz qalırlar. Kredit götürüb məhsul əkirlər, sonra da heç krediti ödəyə bilmirlər. Bizim torpaqlarımız, bağlarımız boş qalır. Elə bağlar var ki, adamlar yığdırmaq istəmirlər. Çünki hesablayırlar ki, fəhlə xərci yığılan məhsulu ödəməyəcək. Belə vəziyyətdə də normal nədənsə danışmaq mümkün deyil.
Ya normal qaydada başqa ölkələrdə olduğu kimi bizdə də aqrar sektor yaradılmalıdır. Ya da vəziyyət daha da ağrılaşacaq. Bunun qarşısı alınmalıdır”.