Zəngəzurla bağlı qərar gərginlik yaratdı – Anlaşma pozulur
Rusiya Qafanda (Zəngəzur) konsulluq açmağa hazırlaşır. Artıq bununla bağlı sərəncam verilib, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov məsələnin il ərzində həll olacağını açıqlayıb. Rusiyanın bölgədə konsulluq açmaq istəyinin arxasında hansı məqamlar durur? Artıq İranın Qafanda konsulluğu var, Fransanın da belə bir niyyətinin olduğu deyilir. Bölgəyə artan maraq nədən irəli gəlir?
Məsələni şərh edən politoloq Ərəstun Oruclu Qafanda başlayan konsulluq yarışını Zəngəzur dəhlizi ilə əlaqələndirir.
Onun sözlərinə görə, Ermənistan bu mövzuda Fransa ilə eyni mövqeyi bölüşsə də, İran və Rusiyanın yanaşmasını qəbul eləmir:
“Rusiyanın istər Azərbaycan – Xankəndidə, istərsə də Qafanda konsulluq açmaq istəyi Zəngəzur dəhlizinə nəzarətlə bağlıdır. Zəngəzur dəhlizinin bir hissəsi Azərbaycan – Şərqi Zəngəzurdan keçir. Eləcə də Ermənistan və Azərbaycanın digər hissəsi Naxçıvanı əhatə edir və İrana çıxış imkanı yaradır. Beləliklə, bu, Azərbaycan, Ermənistan və İrana çıxmaq üçün Şimal-Cənub dəhlizinin bir parçasıdır. İndi Rusiya bu dəhlizi öz nəzarətində saxlamaq istəyir.
İran da həmin məqsədi güdür, Qafanda da konsulluğu bunun üçün açıb. Qafan bir idarəetmə mərkəzi kimi nəzərdə tutulur.
Fransa da bölgədə ona görə konsulluq açmaq istəyir ki, bu layihəyə mane olsun, yaxud onu öz nəzarətində saxlamağa cəhd eləsin.
Bütün bu konsulluq və Zəngəzur dəhlizi oyunları Şimal-Cənub dəhlizi ilə əlaqəlidir. Bu, Rusiya üçün önəmlidir, eləcə də İran baxımından. Bu dəhliz İrana Rusiyaya birbaşa quru yolu ilə çıxmaq nöqteyi-nəzərindən lazımdır. Ayrı-ayrı dövlətlərin maraqları bölgədə belə bir durum yaradıb”.
Məsələnin ikinci tərəfi Ermənistan rəhbərliyinin Rusiyanın konsulluq açmaq qərarına qarşı olmasıdır. Maraqlıdır, əvvəlcə Moskvaya razılıq verən İrəvan niyə indi ona mane olmağa çalışır?
Ərəstun Oruclu bu narazılıq və anlaşmadan yayınmanın təsadüfi olmadığı qənaətindədir:
“Ermənistan rəhbərliyi Rusiyanın Qafanda konsulluq açmaq istəyindən ona görə narazıdır ki, bu halda yola nəzarət edə bilməyəcək. Əslində, Ermənistan Zəngəzur yolunun açılmasında maraqlıdır, amma bir şərtlə ki, bu, Ermənistan-Azərbaycan-Türkiyənin əlaqəsini təmin eləsin, İran yox. Fransa da bu məsələdə Ermənistanı dəstəkləyir. Fransa və Ermənistanın mövqeyi bu baxımdan Rusiya və İranın mövqeyindən kəskin şəkildə fərqlənir. Əslində, yanaşmalar bir-birinə tamamilə ziddir”.