Paşinyanın yeni planı: Bakıya təklif… – Növbə bu ərazidədir
Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifinə Bakının razı olub və ya olmayacağını demək çətindir.
Bunu politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, hər halda ilk baxışda bu, guya çox konstruktiv təklif kimi görülsə də, əslində burada məqsəd başqadır:
“Məqsəd ondan ibarətdir ki, Avropa İttifaqının mülki missiyasını vaxtilə bölgəyə cəlb edən Ermənistan artıq onların bu mexanizmin işlək hissəsi kimi fəaliyyətini istəyir. Sərhədlərdə artıq bu missiyanın olmasını düşünür. Çünki burada ikitərəfli mexanizmdən söhbət getsə də, hansısa beynəlxalq mexanizm, beynəlxalq nəzarət kimi ifadələr də keçməkdədir.
O baxımdan düşünmürəm ki, bu məsələ qəbul edilsin. Bu məsələlərin ən rahat həll variantı ondan ibarətdir ki, Ermənistan silahlanmanı dayandırsın, təxribatlardan əl çəksin, sülh müqaviləsinin imzalanması ilə bağlı prosesi yubatmasın. Ortaya atılan bu iddialar, təkliflər sadəcə olaraq vaxt qazanmaq və manipulyasiya etmək üçün istifadə olunan variantlardır. Çünki belə təklifə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsinin də dərhal reaksiya verməsi və bunun Gürcüstandakı missiyanın fəaliyyətin nümunə göstərməsi onu göstərir ki, burada da əslində həmin Avropa İttifaqının mülki missiyasının aktivləşdirilməsi, sərhədlərdə faktiki olaraq onların yerləşdirilməsindən söhbət gedir. Onlarında mövqeyi bəllidir”.
Politoloq bildirib ki, Ermənistan konstruktiv davransa, əslində belə mexanizmə gərək qalmayacaq:
“İrəvan konstruktiv davransa, o mexanizm də işlək hala keçə bilər. Ermənistanın davranışlarının tez-tez dəyişdiyini görürük. Bir ay öncəki vəziyyətlə indiki durum kifayət qədər fərqlidir. Bunun hamısının səbəbi ötən gün ABŞ-nin ard-arda gələn nümayəndələrinin o cümlədən Fransadan verilən təlimatlar əsasında Güney Qafqazda vəziyyət gərginləşdirilir. Ermənistanda bu prosesdə faktiki olaraq alət rolunu oynayır”.