Universitetdən xaric olunananların sayında kəskin artım var

 

2023-cü ildə Azərbaycanda 8 min 631 nəfər təhsil haqqını ödəmədiyinə, dərs buraxdığına görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bu da 2022-ci il ilə müqayisədə 9.8 faiz artım deməkdir.

Bəzi mütəxəssislər xaric olunmaların əsas səbəbi kimi tələbələrin təhsil haqqını ödəyə bilməmələrini göstərirlər. Azərbaycanda təhsil haqqı universitetə, ixtisasa görə fərqlidir və illik olaraq 1 min 500-6 min 500 manat aralığında dəyişir.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 2023/2024 tədris ilində 51 min 941 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. 24 min 594 nəfər dövlət sifarişi əsasında, 27 min 347 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib: “Dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1 min 550 nəfər çoxdur”.

Tələbələrin təhsil haqqını ödəməsinə yardım məqsədilə ölkədə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Son statistikaya görə, 2024-cü ilin yaz semestri ərzində 5 min 571 tələbə kredit almaq üçün Fonda müraciət edib. 4 min 252 nəfərə tələbə təhsil krediti verilib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Turan”a bildirib ki, Azərbaycanın bütün universitetlərində təhsil haqqının yüksək olduğunu söyləmək düzgün deyil: “Sadəcə bəzi universitetlərdə təhsil haqqı yüksəkdir və 5 min-7 min arası dəyişir. O mənada bəzi universitetlərdə təhsil haqqının yüksək olduğunu deyə bilərik və bu məsələyə baxılmalıdır”.

Deputatın sözlərinə görə, son illər Azərbaycan dövləti getdikcə ödənişsiz təhsilə daha çox önəm verir və bu, düzgün yanaşmadır: “Əgər əvvəlki illərdə 30-40 faiz tələbə dövlət hesabına, digərləri isə ödənişli əsaslarla təhsil alırdısa, artıq faiz nisbəti dəyişib. Məsələn, bu il yaradılmış Qarabağ Universitetində 1 min 500 tələbənin təhsil alması planlaşdırılır, onların hamısı dövlət hesabına təhsil alacaqlar. Eyni zamanda, bu gün İlahiyyat Universitetində təhsil ödənişsizdir”.

C.Məmmədov hesab edir ki, tələbələrin təhsil müəssisələrindən xaric olunmasının əsas səbəbi təhsil haqqını ödəməməsi deyil: “Bəli, təhsil haqqını ödəyə bilməyən tələbələr də var və bunun həlli üçün fond da var. Fond belə tələbələr üçün yaxşı şərtlərlə, maksimum 3 faizlik kreditlər verir. Sadəcə tələbələrin bir hissəsi Fondun fəaliyyətindən məlumatsızdır. Tələbələri məlumatlandırmaq üçün daha çox iş görməliyik”.

Onun fikrincə, burada ən önəmli məsələ gənclərin bəzi hallarda düzgün ixtisas seçimi etməməsidir: “Onlar özlərini daha çox peşə təhsilində realizə edə bilərlər. Böyük problemdir ki, gənclərin çoxu sevmədiyi bir ixtisasda təhsil alır. Eyni zamanda, çox ciddi məsələ təhsil keyfiyyətinin artırılmasıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password