Kremlin Zəngəzur barədə qərarından sonra İrəvan hərəkətə keçdi
Ermənistan hakimiyyəti Rusiyanın Sünik vilayətində (Zəngəzur) konsulluq açmasına mane olmağa çalışır.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşrin məlumatına görə, hökumət nəyin bahasına olur-olsun, Qafanda Rusiya konsulluğunun açılmasının qarşısını almağa çalışır. Ermənistanın aidiyyəti qurumları hələlik qərar verməsə də, Rusiyaya yaxınlığı ilə tanınan Qafan meri Gevorq Parsyan artıq konsulluq üçün yer ayırıb. Hakim komanda özbaşına hərəkət edən merin önünü kəsməyə çalışır.
Qafanda Rusiya konsulluğunun açılmamasının fəal müdafiəçilərindən biri də, hakim partiyanın deputatı Marina Qazaryandır. O, hətta bunu önləmək üçün Qafan sakinləri arasında Ermənistan Xarici İşlər Nazirliyinə təqdim etmək üçün imzatoplama təşəbbüsü ilə çıxış edib.
Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bu yaxınlarda bəyan etmişdi ki, yaxın vaxtlarda Qafanda konsulluq açmağı gözləyir. Rusiya hökuməti 2023-cü il noyabrın 2-də Qafanda baş konsulluğun açılması haqqında razılaşmanı təsdiqləyib.
Hazırda Qafanda yalnız İranın konsulluğu var. İrandan sonra Rusiya və Fransanın da Zəngəzurda konsulluq açacağı gözlənilir.