“Sona qədər gedəciyik…” – Putin təhdidlərin miqyasını daha da artırdı
Rusiya ordusu Ukraynaya qarşı işğalçılıq müharibəsində dalana dirəndikcə, Vladimir Putinin aqressiv bəyanatları da çoxalmağa başlayır. Bir neçə gün əvvəl Rusiya başçısı tərəfindən Qərbə və Ukraynaya ünvanlanan “sülh təklifi”ndə Ukrayna ordusunun hələ tam işğal edilməyən Zaporojye, Xerson, Luqansk, Donetsk vilayətlərindən çıxması, Kiyevin NATO-ya daxil olmayacağı barədə öhdəlik götürməsi və s. şərtlər irəli sürmüşdü. Təbii ki, Ukraynanın heç zaman könüllü olaraq bu ərazilərdən imtina etməyəcəyini bilə-bilə irəli sürülən bu “sülh təklifi” Putinin ya doğrudan da reallıq hissini tamamilə itirməsindən, ya da gerçək sülhə hazır olmamasından xəbər verirdi.
Yeri gəlmişkən, elə rusiyalı mütəxəssislərin hesablamalarına görə, rus ordusunun indiki irəliləmə tempi ilə Putinin iddia etdiyi 4 vilayətin qalan hissəsinin işğalına nə az, nə çox 14 il(!) vaxt lazımdır…
Şimali Koreyadan sonra Vyetnama səfər edən Vladimir Putin növbəti aqressiv açıqlamalar verib. Rusiya başçısı deyib ki, ölkəsinin Ukaryna müharibəsindəki strateji məğlubiyyəti guya Rusiya dövlətçiliyinin sonu anlamına gələcək: “Onlar (Qərb ölkələri – red.) Rusiyanın döyüş meydanında strateji məğlubiyyətinə nail olmaq istədiklərini bildirirlər. Bu, Rusiya üçün nə deməkdir? Rusiya üçün bu, onun dövlətçiliyinin sonu deməkdir. Bu, Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir – məncə, bu, hamıya aydındır. Və sonra sual yaranır: niyə qorxmalıyıq? Axıra qədər getmək daha yaxşı deyilmi?”.
Putin auditoriyanı “blef etmədiyinə” inandırmaq üçün əlavə edib ki, Rusiya özünün nüvə doktrinasına yenidən baxa bilər: “Rusiya Federasiyasının nüvə qüvvələri həmişə döyüş hazırlığı vəziyyətindədir. Rusiya nüvə doktrinasına dəyişikliklər barədə düşünür, bu, düşmənin nüvə silahından istifadə həddini endirmək fəaliyyətilə bağlıdır. Rusiya Silahlı Qüvvələri bütün ssenarilərə hazırlaşır”.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələr “təcavüzə yaxındır”. Putin bununla da demək istəyib ki, Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə təcavüz aktı kimi qiymət verilə bilər.
Qeyd edək ki, Rusiyanın nüvə doktrinası nüvə silahının birinci istifadəsinə müəyyən məhdudiyyət qoyur. Putinin özü daha əvvəl demişdi ki, Rusiyanın nüvə doktrinasında nüvə silahından istifadə üçün yalnız iki mümkün hal var: Düşmənin ilk nüvə zərbəsinə cavab zərbəsi və “adi silahlardan istifadə olunsa belə, Rusiyanın bir dövlət kimi mövcudluğu təhlükə altında qaldıqda”.
İndi Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsinin Rusiyanın dövlət kimi mövcudluğunu təhlükə altına aldığını demək çətindir. Ola bilsin, buna görə Putin nüvə doktrinasını dəyişmək və nüvə silahının tətbiqini “asanlaşdırmaq” barədə düşünür, daha doğrusu, nüvə şantajının yeni üsulunu axtarır…
Putin səfəri çərçivəsində Cənubi Koreyanı təhdid etməyi də unutmayıb. Cənubi Koreyanın Ukraynaya silah verməsi perspektivini şərh edən Putin deyib ki, “Cənubi Koreya Ukraynaya silah tədarük etsə, bunun cavabı onun xoşuna gəlməyəcək”: “Ümid edirəm ki, orada bunu etməyəcəklər”.
Bununla da Rusiya başçısı Şimali Koreyaya səfərinin gerçək və görünməyən səbəblərindən birinin də Şimali Koreya ilə Cənubi Koreya arasında gərginliyi artırmaq cəhdinə və daha bir münaqişə ocağını qızışdırmaqla dünyanın diqqətini Ukraynadan yayındırmağa hesablandığını göstərmiş olub. Hansı ki, Putinin Şimali Koreya ilə qarşılıqlı hərbi yardımla bağlı strateji analaşma imzalamasına qədər Cənubi Koreya Ukraynaya yalnız humanitar yardım göstərirdi. Məhz Rusiyanın Şimali Koreya ilə məlum müaqviləsindən sonra Cənubi Koreya Ukraynaya hərbi yardım barədə düşünməyə başladı. Onu buna görə “cəzalandırmağın” yolu isə təbii ki, Putinin “dostu” Kim Çen Inın “xidmətindən” istiafdə etməkdən keçir…
Putinin Vyetnamdakı açıqlamalarında bir-birini inkar edən ziddiyyətli, qarışıq məqamlar da kifayət qədərdir.
Beynəlxalq hüquqa, yazılmış və yazılmamış müharibə qanunlarına çoxdan “tüpürmüş” Kreml sahibi Ukraynadan çıxmayacağını bəyan etməklə yanaşı, bunu “Ukraynadakı mövcud rejim”in hakimiyyətdən gedişi perspektivi ilə əlaqələndirib: “Əgər danışıqlar qoşunlarımızın çıxarılması ilə bağlıdırsa, bu, heç vaxt baş verməyəcək, çünki Kiyev rejimi hakimiyyəti tərk etmək istəmir”.
Yəni, belə çıxır ki, “Kiyev rejimi” hakimiyyəti tərk etsə, işğalçı qoşunlar Ukrayna ərazisindən çıxarıla bilər?
Putin daha sonra iddia edib ki, Qərb gələn ilin əvvəllərində Zelenskini “yola salacaq”: “Qərb bütün qeyri-populyar qərarları Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə qoyacaq və gələn ilin birinci yarısında onu dəyişdirəcək”.
Onun bu iddiası ilə bundan əvvəlki fikrini tutuşdurduqda belə qənaət yaranır ki, Putin Ukraynada Zelenski hakimiyyətinin Qərb tərəfindən devrilməsini gözləyir. Qoşunlarını isə Ukraynadan ona görə çıxarmır ki, Zelenski hələ hakimiyyətdədir(?)…
Putin həmçinin əlavə edib ki, “indiyə qədər Ali Radadan heç kim pərdəarxası danışıqlarla bağlı Rusiya ilə əlaqə saxlamayıb”: “Rusiya Ukrayna tərəfi ilə İstanbul və Minsk razılaşmaları əsasında dialoqu davam etdirməyə hazırdır. Ukrayna üzrə danışıqlar hətta sabah da ola bilər, lakin Rusiya yerdəki indiki vəziyyətdən çıxış edəcək. Yerdəki vəziyyətdən asılı olaraq şərtlərimiz dəyişəcək”.
Bununla da Putin bir daha sülh yox, Ukrayna dövlətçiliyinin məhvini, ən azından kapitulyasiyasını istədiyini, şantaj və ultimatum dilindən əl çəkmədiyini nümayiş etdirib. Eyni zamanda, bütün bunlar bir daha göstərir ki, Ukarynada sülhə nail olmağın yeganə yolu Qərbin daha əvvəl etdiyi kimi, Ukrayna ordusuna hərbi dəstəyi azaldaraq, Kiyevi güzəştlərə məcbur etmək yox, əksinə, onu daha müasir və güclü silahlarla, özü də böyük miqyaslarda təmin etməkdir. Yəni, sülh üçün Ukraynanı zəiflətmək yox, gücləndirmək lazımdır. Çünki adekvatlığını və reallıq hissini itirmiş hazırkı Rusiya rəhbərliyi gücdən başqa heç bir dil anlamadığını hər gün daha çox büruzə verir…