Prezident və birinci xanım Botanika İnstitutunda və Nəbatat Bağında görülən işlərlə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verib.
Bildirilib ki, 45 hektardan artıq ərazini əhatə edən bağda 247 növ ağac və 162 növ kol bitkisi qorunur. Yenidənqurma zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni binanın ümumi sahəsi 3700 kvadratmetrdir. Binanın birinci mərtəbəsi laboratoriya sektorlarından ibarətdir. Burada bitki ehtiyatları və etnobotanika, həmçinin toxum bankı, bitki introduksiyası şöbələri yerləşir. Binanın ikinci mərtəbəsində 80 nəfərlik akt zalı, üç laboratoriya, müdafiə şurası, Botanika İnstitutunun elmi şurasının katibliyi, mühasibatlıq yerləşir. Üçüncü mərtəbədə isə geobotanika, ictimaiyyətlə əlaqələr, eksperimental botanika və beynəlxalq əlaqələr şöbələri fəaliyyət göstərəcək. Ali bitkilər sistematikası və herbari fondu dördüncü mərtəbədə yerləşir. Botanika İnstitutunun Herbari Fondu 1936-cı ildə institut yarandığı vaxtdan fəaliyyət göstərir. Burada Azərbaycanla yanaşı, digər ölkələrin altı yüz minə yaxın flora növü qorunur.
Eyni zamanda, Mərkəzi Nəbatat Bağının 1937-ci ildə tikilmiş və tamamilə yararsız hala düşmüş 900 kvadratmetrlik aypara şəkilli inzibati binası da əsaslı təmir edilib.
Mərkəzi Nəbatat Bağı ərazisində tikintisi davam etdirilən müasir tipli oranjereyaya da baxış keçirildi. Bildirildi ki, oranjereyanın eni 19, uzunluğu 47, hündürlüyü isə 15 metrdir. Daxilində yerdən 3 metr hündür körpü və hər iki qapını birləşdirən piyada yolu var. Oranjereya müasir tipli isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunacaq. Üzərindəki şüşə sisteminin 40 ədədi avtomatik açılaraq mövsümə uyğun havalandırmanı təmin edəcək.
Qeyd edək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasəti məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmağa başlayıb. Hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bitki biomüxtəlifliyinin qorunması və səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəzi Nəbatat Bağında yenidənqurma işləri məhz Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirilib.
Hazırda Mərkəzi Nəbatat Bağında “Bitki ekologiyası”, “Dekorativ bitkilərin introduksiyası və seleksiyası”, “Qida və dərman bitkilərinin biokimyası”, “Oduncaqlı bitkilər”, “Tropik və subtropik bitkilər” laboratoriyaları ilə yanaşı, “Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması”, “Bioloji kolleksiyalar”, “Bağçılıq və landşaft quruculuğu”, “Təchizat və xidmət” və digər şöbələr fəaliyyət göstərir.
Botanika İnstitutunda elmin informasiya təminat sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edən 4 yerli və 2 beynəlxalq məlumat bazası fəaliyyət göstərir.
Botanika İnstitutu bu il COP15-də təsis olunmuş “Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı”na (BCAA-Biodiversity Conservation Alliance for Arid Land) üzv seçilib.