İrəvan siyahı hazırladı – Bu ərazilər də Azərbaycana qaytarılır
Sərhədin delimitasiya və demarkasiyasının növbəti mərhələsində Kərki kəndi Azərbaycana təhvil veriləcək.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr martın 7-də Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının iclasından sonra baş nazirin müavini Şahin Musafayevin verdiyi bəyanatını xatırladıb. Azərbaycan rəsmisi Qazax rayonunun sərhədə bitişik 4 kəndi ilə yanaşı, Ermənistan tərəfindən işğal olunmuş eksklav kəndlərimizin də azad edilməsini gündəmə gətirmişdi. Bunlar Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki kəndləridir.
“Nikol Paşinyan artıq Bakının tələblərinin bir hissəsini yerinə yetirib. Siyasi düşərgə növbədə Kərki olduğunu iddia edir, hökumət bu kəndi də təhvil vermək niyyətindədir. Siyasətçi Mesrop Arakelyan da belə bir fikrə malikdir. Onun sözlərinə görə, hakimiyyətin Kərkidə inkişaf, mənzil tikintisi ilə bağlı heç bir planı yoxdur, onlar bu kənddən əllərini çəkiblər”, – nəşr yazır.
“Hraparak” bildirir ki, Ermənistan hökumətinin son iclasında Qarabağ erməniləri üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib: “Kərki təsdiq edilmiş kənd və qəsəbələr siyahısında yoxdur. Ermənistanın bütün digər sərhədyanı kəndləri siyahıda yer alıb”.
Kərkinin siyahıda yer almaması normaldır, çünki Ermənistan kəndi deyil, Azərbaycana məxsusdur, qaytarılacaq.
Arakelyan söyləyib ki, hakimiyyətin bu qərarı Kərkini təhvil vermək niyyətini göstərir. O, bunun tezliklə olacağını istisna etmir.
Ötən il mayın 22-də keçirilən mətbuat konfransında Baş nazir Nikol Paşinyan söyləmişdi ki, Qazaxın 4 kəndi, Kərki və digər eksklavlar Ermənistanın 29.8 min kvadratkilometr ərazisinə daxil deyil.