Məşhur turizm saytından Azərbaycana qarşı təxribat – Dövlət Turizm Agentliyi hara baxır?
Məşhur onlayn bronlaşdırma resursu “Booking.com”da Azərbaycana qarşı təxribat diqqəti çəkib.
Saytda yerləşdirilmiş Azərbaycanın xəritəsində səhvlərə yol verilib.
Belə ki, “Booking.com” saytında Tovuz şəhəri Ermənistanın ərazisi kimi qeyd olunub.
Nədənsə bu cür nöqsan və təxribatların aradan qaldırılmasına cavabdeh olan qurumlar, xüsusən də Dövlət Turizm Agentliyinin bundan xəbəri yoxdur və ya görməməzlikdən gəlir.
Qeyd edək ki, 2018-ci il 21 sentyabrda yaradılan Dövlət Turizm Agentliyi turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini həyata keçirən orqandır.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, “Booking.com” özü xəritə servisi deyil, amma bu məsələ araşdırılmalıdır:
“Booking.com”un xəritəsi olmamalıdır. Düşünürəm ki, hansısa bir şirkətin atdığı xəritədən istifadə edir. Yəni oradan servis alır”.
O, sözügedən şirkətin xəritələrində problem olduğunu hesab edir:
“Ümumiyyətlə, II Qarabağ müharibəsindən əvvəl və sonra hətta beynəlxalq təşkilatların, şirkətlərin də xəritələrində müəyyən çatışmazlıqlar var idi. Daha sonra azərbaycanlıların və Azərbaycan hökumətinin təkidi, eyni zamanda beynəlxalq hüquqa görə onlar Azərbaycanın suverən torpaqları ilə bağlı qeydlərini düzətdilər. Amma hər bir halda biz bilməliyik ki, məsələn, bəzi şəhər, rayon, kənd adlarını portallar özü tənzimləyir. “Google”, “Yandex” və onun kimi onlarla xəritə portalları var. Amma rayon, şəhərlərin işərisində parklar, digər yerləri isə insanlar özləri işarələyirlər. Hər hansı kəndin, şəhərin adı, ölkəyə aid olan atributlar var, hansı ki, beynəlxalq hüquqla tənzimlənir. Onların adlarının səhv olması təxribat da olar bilər, yaxud da yaddan çıxmış kimi də hesab edilə bilər. Amma nəticə etibarı ilə onlar düzəldilməlidir”.
Elvin Abbasov əlavə edib ki, bu gün dünyanın ən böyük “Google”, “Yandex” kimi şirkətlərində Azərbaycana aid hüquqlar təmin olunub:
“Amma ola bilər ki, həqiqətdən təxribata yol verən və ya erməni lobbisinə işləyən kiçik saytlar var. Bunlar bizim üçün çox onəmli deyil. Önəmli olan “Google”, “Yandex” və başqa böyük portallardır”./qaynarinfo.az