Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına başlayıblar

 

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına başlayıblar.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarətinin əsas hissəsi hesab olunan mərhələ üç-dörd gün davam edəcək:

“Zəvvarlarımız ehrama girib Məkkə şəhərinin 24-cü kilometrliyində yerləşən Ərəfat çölünə gedəcəklər. Qurban bayramı günü sübh azanından gün çıxanadək Ərəfatla Mina dağının arasındakı Məşərül-Həram adlanan ərazidə dayanılacaq. Gün çıxandan sonra zəvvarlar Mina dağına qalxmalıdırlar. Burada gün batanadək hər bir zəvvar şeytana yeddi dənə daş atmalıdır. Daha sonra üç gün ərzində hər kəs Həccin əsas atributlarından olan qurbanlıq heyvan kəsməli, ardınca Mina dağına qalxmalıdırlar”.

QMİ rəsmisi vurğulayıb ki, ziyarətçilər daha sonra Kəbəyə qayıdacaqlar: “Burada Kəbə təvaf (yeddi dəfə dövrə vurmaqla) ediləcək. Zəvvarlar Kəbənin ətrafında dövrə vurduqca dua oxumalıdırlar. Sonra iki rükət təvaf namazı qılınmalıdır. Təvaf namazını qılan zəvvar müqəddəs Zəmzəm suyundan içib Səfa və Mərvə dağları arasındakı məsafəni 7 dəfə qət etməlidir. Nəhayət, Həccin sonuncu əməli olan təvafi-nisa yerinə yetirilməlidir. Yəni niyyət edilərək Kəbənin ətrafında dövrə vurmalı və ardınca iki rükət namaz qılmalıdırlar. Həcc əməllərini yerinə yetirən müsəlmanlar sonda Məkkədə vida təvafı etməli, daha sonra İslamın ikinci müqəddəs şəhəri olan Mədinəyə gedərək Məhəmməd peyğəmbərin və digər müqəddəslərin məzarlarını ziyarət etməlidirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password