Banqladeşlə siyasi məsləhətləşmələr aparıldı
Azərbaycan və Banqladeş Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 1-ci iclası keçirilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Banqladeş tərəfini isə xarici işlər üzrə katib (nazir müavini) Məsud Bin Momen təmsil edib.
İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Nazir müavini E. Məmmədov postmünaqişə mərhələsində bölgədə yaranmış mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, həmçinin bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Bu il Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkanın yarandığı vurğulanıb.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan və Banqladeş arasında turizmin təşviqi və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.