Bakı meri bakılılara “meqa-xəbər”i Sinqapurda verdi

 

Ötən gün Bakı meri Eldar Əzizov nədənsə Bakıda yox, məhz Sinqapurda – 9-cu Dünya Şəhərləri Sammitində deyib ki, paytaxtımızda 400-ə yaxın park salınıb, hazırda da 10 qət-təzə meqaparkın tikinti işləri aparılır.

Şəhərimizin çox hörmətli başçısının niyə bu xoş xəbəri uzaqdan bizə çatdırması ayrı söhbətin mövzusudur. Əsas odur ki, sağ olsun, min yaşasın, qəlbimizi fərəhləndirib!

Əlbəttə, cənab merin “400-ə yaxın parkın artıq salındığını” deməsi də dəhşətli dərəcədə sevinc saçır, çünki Bakıda yaşayanlar parkdan daha çox, göydələn tikintisi görür, hər yerdə, hər dalanda, hər küçədə – hətta prospektlərin düz dibində biz son illər ağac deyil, bina, obyekt, şadlıq evi, mərasim salonu, ticarət obyektlərinin əkildiyini müşahidə edirik, ona görə salınan parkların 400-ü haqlaması xəbərindən dünəndən şokdayıq!

400-ə yaxın parklar hansılardır? – Meriya bu siyahını təqdim etsə, qanad açıb uçardıq!

Bu gün Bakı Şəhər İH 400 mini-parkın başını buraxıb, 10 meqaparkla bağlı xalqı maarifləndirməyi lazım bilib – çox sağ olsun!

Meriya başlayıb şəhərimizin son vaxtlar “parka dönməsi” haqqında uzun-uzadı mühazirə deməyə və nəhayət, gəlib çıxıb mətləbə. Yazır: “Bu gün Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülür, Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində, keçmiş antenna sahəsinin ərazisində yeni meqapark salınır, Nərimanov parkının əsaslı təmiri, yenidən qurulması aparılır. Eyni zamanda Xaqani bağında təmir-yenidənqurma işlərinə başlanılıb. 28 May, Mehdi Mehdizadə, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsində 12 ha sahədə yeni park salınır.

Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma işlərinin aparılması üçün layihə smeta sənədləri hazırlanıb və işlərə başlanacaq”.

Vəssalam! Hanı meqapark siyahısı? Bu yayılan məlumatda yalnız bir “meqapark” haqqında təsəvvür əldə etmək mümkündür – 12 ha olan. Bəs, digər 9 meqapark hardadır?

Hətta genişləndirilənlər – yəni mövcud meqaparkların bir az genişləndirilməsini də “qət-təzə 10 meqapark” kimi təsəvvür etsək, yuxarıdakı cümlədən yalnız 7 park “sıxıb” çıxartmaq olur – o da ehtimallar və nəzəri mülahizələrlə, bu bir cümləni 10 dəfə oxuyandan sonra… Bəs, qalan 3-ü hanı?

İnformasiyanı aydın, səlis vermək lazımdır. Belə: Bakıda bu ərazilərdə 10 meqopark salınır – 1, 2, 3… 10! Bitdi!

“Bakı inkişaf edir, son vaxtlar söküləcək binaların yerində bina tikilməməsi nəzərdə tutulur, bu da xalqın dəhşətli dərəcədə ürəyincədir” kimi cümlələr hekayətdir, məqalətdir, rəvayətdir, novelladır, pritçadır – daha mifdir, əfsanədir, nağıldır deyib, kiminsə xətrinə dəymək istəmirik.

Fakt odur ki, 1990-cı ilə qədər Bakıda 15 min hektar yaşıllıq sahəsi vardı, hazırda 920 hektardır!

Fakt budur ki, 35 ilə 14,08 min hektar – on dörd min səksən hektar (imtahandan kəsilən müəllimlərə görə yazdım, axı, bizim müəllimlər ədədi sözlə yaza bilmirlər) – yaşıllıq sahəsi məhv edilib!

Meriya deyə bilərmi ki, 10 meqaparkdan sonra Bakıda yaşıllıq sahəsi nə qədər artacaq?

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password