Zəngəzura “Fronteks” yerləşə bilər – Bakı razı olacaq?

 

Zəngəzur dəhlizinə nəzarət məsələsi ilə bağlı təkliflər əvvəllər də səsləndirilib. Hətta keçən il Brüsselin vasitəçiliyi ilə danışıqlar keçirilərkən Beynəlxalq Gömrük İttifaqının bu işdə vasitəçi ola biləcəyi ilə bağlı müəyyən fikirlər var idi. Ümumilikdə isə hazırda aktual iki təklif var: ya bu təşkilat dəhlizə nəzarət etsin, ya da hansısa neytral ölkə.

Bu sözləri axar.az-a politoloq Elxan Şahinoğlu Ermənistan parlamentinin sədri Alen Simonyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatını şərh edərkən deyib.

Rusiyanın dəhlizə nəzarət etməsini Ermənistanın qətiyyən qəbul etmədiyini xatırladan politoloq bildirib ki, hazırda müzakirə mövzusu olan yeganə təşkilat Beynəlxalq Gömrük İttifaqıdır:

“O ki qaldı “Fronteks” (Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi) məsələsinə, o müzakirə predmetinə çevrilsə, biz buna yəqin ki, razılaşmarıq. Çünki Avropada əsas aparıcı dövlətlərdən biri Fransadır. Fransa öz nümayəndələrini orada yerləşdirməyə çalışacaq. Bu variant heç bir halda bizim üçün məqbul deyil. Dəhlizi açmayacaqları ilə təhdid edəcəklərsə, açmasınlar. İki alternativimiz var: Bakı-Tiflis-Qars və Araz dəhlizi. İranla münasibətlərdə müəyyən gərginliklərə rəğmən Zəngəzur dəhlizinə alternativ olan Araz dəhlizinin tikintisi reallaşır. Yəni Ermənistan məsələni yubatmaqla böyük bir layihənin tərkib hissəsi olmaqdan kənarda qalacaq. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsidir. Çindən, Mərkəzi Asiyadan çıxan yüklər bölgədən keçməlidir”.

Politoloqun sözlərinə görə, neytral ölkənin cəlb edilməsi ilə bağlı müəyyən müzakirələr aparıla bilər:

“Əlbəttə ki, Fransa kimi bir ölkənin dəhlizə nəzarət etməsinə heç zaman razı ola bilmərik. Ancaq hansısa bir Skandinaviya ölkəsinin – Polşanın, Çexiyanın – hansı ki həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri normaldır – bu işdə vasitəçi kimi çıxış etməsi məsələsinə baxıla bilər. Azərbaycanın istəyi və tələbi budur ki, maneəsiz keçid təşkil olunsun. Bu baxımdan Ermənistan tərəfi üçün bir güzəştimiz də var – Mərkəzi Asiyadan, Çindən keçən yükləri və sərnişinləri Ermənistan yoxlaya bilər. Buna qarışmırıq. Əslində, Alen Simonyanın bu təklifləri ondan xəbər verir ki, Ermənistan tərəfinin mövqeyində yumşalma var”.

Qeyd edək ki, Simonyan ötən gün brifinq zamanı kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıdılarsa, Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirə edilə biləcəklərini deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password