Quru sərhədlər bu şərtlərlə açılır: İlk bu ölkə ilə… – Detallar açıqlandı

 

Quru sərhədlərinin açılması ilə bağlı müxtəlif səpkili informasiyalar yayılır. COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirildiyi tarixlərdə sərhədlərin açıq olacağı iddia edilir. Ümumiyyətlə, sərhədlərin nə vaxt və hansı şərtlər daxilində açılacağı hazırda öz aktuallığını saxlayıb.

Mövzu ilə bağlı danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı quru sərhədlərinin bağlı qalmasını şərtləndirən amilləri əsaslandırıb:

“Bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləmək lazımdır. Sərhədlərin açılması və digər bu istiqamətdə olan məsələlərlə bağlı Operativ Qərargah tərəfindən təhlillər aparılıb, müvafiq qərarlar verilir. Eyni zamanda burada ölkəmiz üçün milli təhlükəsizlik məsələləri mövcuddur. Ətrafda olan proseslər analiz edilməlidir. Qonşu ölkələrdə olan vəziyyət, müharibə və digər amillər nəzərə alınmalıdır. Bütün bunların fonunda ölkəmizə qarşı fərqli münasibət var. Ölkəmizə heç də arzulamadığımız şəxslərin gəlməsi də ehtimal edilir. Bu baxımdan quru sərhədlərin açılması ilə bağlı dəqiq, düşünülmüş, ölçülü-biçili qərar verilməlidir”.

Fəzail Ağamalı quru sərhədlərinin açılmasına birbaşa “hə” deyənlərdən olmadığını söyləyib:

“Milli təhlükəsizliyin təminatı, dövlətçiliyin ciddi təhdidlərlə qarşılaşmaması üçün sərhədlərin bağlı qalması əsas şərtdir. İradəmizdən asılı olmayaraq ətrafda baş verənlərin ölkəmizə sirayət etməməsi üçün quru sərhədlərin bağlı qalmasının tərəfdarıyam. Təbii ki, vətəndaşlarımızın digər ölkələrə gediş-gəlişi tam məhdudlaşmayıb. Təyyarə ilə gedib-gəlmək olur. Ona görə də, bu məsələ heç də ictimai rəydəki müzakirələrlə həll olunacaq bir iş deyil”.

Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov isə quru sərhədlərinin açılması ilə bağlı fərqli mövqedə olduğunu söyləyib:

“Quru sərhədlərinin açılması sadə bir məsələ deyil. Amma sərhədlərin açılmasının tərəfdarıyam. Təklifim də ondan ibarətdir ki, qonşu Gürcüstan bizim üçün strateji müttəfiq olduğu üçün bu ölkə ilə quru sərhədləri açmaq olar. Xüsusi bir qayda tətbiq etməklə qonşu Gürcüstanla quru sərhədi açmaq mümkündür. Bununla insanların rahat gediş-gəlişini təmin etmək asanlaşar”.

Vahid Əhmədov hesab edir ki, quru sərhədlərinin bağlı qalmasının iqtisadi, siyasi zərərləri var:

“Şimal və cənub istiqamətində sərhədlərin bağlı qalması arzuolunmaz haldır. İran və Rusiya ilə insanlarımızın gediş-gəlişi, ticarət əlaqələrini davam etdirməsi daha məqbuldur. Sözsüz ki, burada təhlükəsizlik faktoru da nəzərə alınmalıdır. Dövlətin təhlükəsizliyi önəmlidir. İndiki zamanda bu, böyük əhəmiyyət kəsb edir. Kənarda bizim müstəqil siyasət aparmağımıza qarşı qısqanclıqla yanaşanlar var. Ona görə də, təklif etmişəm ki, Gürcüstanla quru sərhədi açmaqla COP29 beynəlxalq tədbiri ilə əlaqədar insanların rahat gedib-gəlişi təmin edilə bilər. Ümumiyyətlə isə quru sərhədlərinin açılmasına ehtiyac var”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password