Aqil Abbas Santuşdan danışdı: “Veyillənib gedəcək”
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna portuqaliyalı mütəxəssis Fernandu Santuş gətirilib. Təbii ki, onunla bağlı müxtəlif fikirlər, iddialar səslənir. Amma ondan heç nə gözləmirəm. O, gəlib bizim futbol üçün heç nə etməyəcək.
Bu sözləri Milli Məclisin deputatı Aqil Abbas deyib.
O qeyd edib ki, xarici məşqçilərdən heç nə gözləmək olmaz: “Santuşa da ümid etməyə dəyməz. Deyirlər ki, Ronaldonu yetişdirib. Görək indi kimi yetişdirəcək? Ronaldo özü yetişib, o, qızıl külçədir. Onun yetişdirmək üçün Santuşa ehtiyac yox idi”.
Deputat bildirib ki, Azərbaycanda da istedadlı futbolçu olsa, özü yetişəcək: “İstedad olmasa Santuş olmasın, Mourinyo (Joze Mourinyo) olsun, heç bir xeyri yoxdur. Fakt odur ki, Arif Əsədovun məşqçiliyi ilə yığmamız yaxşı çıxış etdi. Ötən gün Qazaxıstanla çox yaxşı oyun göstərdilər. Amma sözsüz ki, Arif Əsədovun baş məşqçi gətiriləcəyini düşünmürdüm. Onun xətrini də istəyirəm, yaxşı məşqçidir. Oyununu da hamımız gördük. Amma onu təyin etməyəckdilər. Çünki bizdə yerli məşqçilərə sanki it dəyib. Onları qoymurlar. Xaricdən gətirirlər, onlar da gəlib bir-iki il veyillənir, heç bir şərti də yerinə yetirmirlər”.
Aqil Abbas AFFA-ın Santuşa şərtinin əhəmiyyətsiz olduğunu deyib: “Deyilənə görə, ona yığmanı 2008-ci ildəki vəziyyətə gətirmək şərti irəli sürülüb. 2008-ci ildə yığma nə etmişdi? Başa düşmürəm, 2008-ci ildə Azərbaycan yığması dünya çempionu olmuşdu? Ona görə də, Santuş da digərləri kimi Azərbaycan futboluna heç nə verməyəcək”.