Unun qiymətində kəskin artım: Narahat olmağa əsas varmı?

 

Ərzaq, xüsusilə mövsüm meyvələri, tərəvəzlərin qiymətində artıma öyrəşsək də, son günlər unun bahalaşması əhali arasında narahatlıq doğurub. Belə ki, 50 kiloqramlıq un kisəsinin qiyməti iki həftə öncəyə qədər 25-27 manata satılırdısa, bu gün 32-35 manat aralığında dəyişir.

Qiymət artımının səbəbi, nə qədər davam edəcəyi insanlar arasında müzakirə mövzusuna çevrilib.

Bəs görəsən, qiymət artımının qarşısını almaq üçün hansı addımlar atıla bilər?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Xalid Kərimli  açıqlamasında bildirib ki, unun qiymətində müşahidə edilən bahalaşma dünya birjalarında olan məsələ ilə əlaqədardır:

“Artım xüsusilə Avropada, Rusiyada buğdanın məhsuldarlığı ilə bağlı proqnozlarla əlaqəlidir. Çünki bu gün Ukrayna buğdası dünya bazarına rahat şəkildə çıxarıla bilmir. Aprel-may aylarında kəskin artımdan sonra dünya bazarında buğda qiymətlərinin stabilləşməsi müşahidə edilir.

Bəzən qiymət artımı ilə bağlı tendensiyanın dayanması və ya stabilləşməsi ilə bağlı suallar ünvanlanır. Bunu Rusiya-Ukrayna müharibəsini təhlil etməklə müşahidə etmək olar. Ukrayna müharibəsinin yekunlaşması, Qara dənizin sülh dənizinə çevrilməsi vacibdir.

İkinci məsələ iqlim şərtləri ilə bağlıdır. Bu isə insan amilinin təsir edə bilmədiyi nüansdır. Yağıntıların dəyişməsi buğda məhsuldarlığına təsir edir. Bu da özünü qiymətlərdə göstərir. Dünyada bu məsələlər bazar qiymətləri ilə tənzimlənir.

Onu da vurğulayım ki, Azərbaycanda ümumi buğda həcminin 58-60%-i yerli istehsalın payına düşür. Qalan 40-42%-i isə idxal edilir. Ancaq buna baxmayaraq, Azərbaycan ərzaqlıq buğdanın 75 faizini idxal etmək məcburiyyətindədir. Çünki ölkəmizdə yığılan buğdanın keyfiyyəti Ukrayna, Rusiya, Qazaxıstanın buğdası ilə müqayisədə o qədər də ürəkaçan deyil və yerli istehsalın 25 faizini təşkil edir. Bu da bizim idxaldan asılı olduğumuzu göstərir.

Dünya bazarında un qiymətlərinin artması Azərbaycanda da un bazarına, şözsüz ki, təsir göstərəcək. Son məlumatlara görə, un qiymətləri aprel-may aylarında yüksəlib, amma hazırda birjalarda növbəti artım müşahidə edilmir. Hər ay Ümumdünya Ərzaq Təşkilatı anbar qalıqları, məhsuldarlıq, tələbat, yığım, sifarişlər ilə bağlı məlumat yayır. Un qiymətləri istiqamətini bütün bunlardan asılı olaraq götürəcək. Amma qeyd edim ki, bu gün dünya birjasında un bazarındakı qiymətlər təxminən ötən ilin iyul-avqust aylarındakı qiymətlərlə eynilik təşkil edir. O baxımdan düşünürəm ki, hələlik narahat olmalı durum yoxdur”./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password