Erməni kilsəsi də Paşinyana “bata bilmədi” – “Bu hərəkatın məzar daşı çoxdan qoyulub”

 

“Əsl hərəkat sönmür, etirazçıları pul qarşılığında toplayan “müqəddəs” adlı hərəkat isə çoxdan sönüb”.

Bunu Ermənistanın Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan öz “facebook” səhifəsində “Vətən Uğrunda” hərəkatının başçısı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın çökdüyünə işarə edərək yazıb.

Çaxoyan bununla da arxasında rusiyapərəst, revanşist müxalifətin, Koçaryan-Sarqsyan cütlüyünün və Erməni Kilsəsinin durduğu keşiş Baqratın başçılıq etdiyi aksiyalara insanların pul müqabilində cəlb edildiyinə eyham vurub.

Paşinyanın adamının bu iddiası kifayət qədər inandırıcıdır. Doğrudan da mayın 9-da İrəvandakı mərkəzi meydana müxtəlif mənbələrə görə 20-30 min adam toplaşmışdısa, növbəti günlərdə onların sayı kəskin şəkildə azaldı. İş o yerə çatdı ki, adam yığa bilməyən keşiş Qalstanyan başının kiçik dəstəsi ilə yalnız İrəvandakı yolları kəsmək məcburiyyətində qaldı.

Daha sonra Paşinyanın oturduğu binanın qapısı önündə toplaşıb, onun iş yerini tərk etməsinə imkan verməməyə çalışdı. Lakin bu da alınmadı. İndi isə öz azsaylı tərəfdarlarını kilsəyə dəvət edir və kilsəyə ibadətə gələnləri də onlara əlavə edərək, “qələbəlik” görüntüsü yaratmağa çalışır. Digər yandan, erməni polisi aksiya iştirakçılarına qarşı daha sərt davranmağa başlayır.

Bir sözlə, keşişin başlatdığı “hərəkat”ın öləzidiyi, sönmək üzrə olduğu göz önündədir və doğrudan da, bu aksiyalar gerçək etiraz hərəkatı olsaydı, belə tezliklə çökə bilməzdi.

Çaxoyan daha sonra Qalstanyanı və onun havadarlarını ələ salaraq, yazıb: “Qondarma hərəkat hələ başlamamış – mayın 9-da Respublika meydanında söndü. Təxminən bir ay əvvəl baş nazirə öncə 1 saat vaxt verdilər, sonra 5 dəqiqə daha gözlədilər, sonra 15 dəqiqə də əlavə etdilər və vəd etdilər ki, 7-10 gün ərzində hakimiyyəti dəyişdirəcəklər. Mayın 9-dan sonrakı bütün hərəkətlər sönmüş hərəkatı canlandırmaq məqsədi daşıyır. Lakin bu hərəkatın məzar daşı çoxdan qoyulub”.

Belə görünür ki, Rusiya istisna olmaqla, xaricdəki erməni diasporu da keşiş Baqratın perspektivinə inanmır və bu üzdən ona “stavka” etmir.

Ermənistanın diasporla iş üzrə təmsilçisi Zareh Sinanyan “xarici diaspor Baqrat Qalstanyanı dəstəkləyirmi” sualına cavab verərkən deyib ki, xaricdə keşişə dəstək verən ermənilər azdır: “İstər Ermənistanda, istərsə də xarici diasporda bu hərəkatı dəstəkləyən qüvvələr kəmiyyət və faiz baxımından eynidir”.

Qalstanyanın baş nazir olması perspektivi ilə bağlı suala isə Sinanyan belə cavab verib: “Ümumiyyətlə, mən vətəndaş Qalstanyanı bu vəzifədə görmürəm. Siz qeyri-ciddi sual verirsiniz”.

Doğrudan da, keşiş Baqratı qabağa verib Paşinyanı devirməyə çalışanlar baş nazir postuna normal, əhalinin qismən də olsa qəbul edəcəyi namizəd irəli sürməyi belə bacarmadılar. Çünki onların sırasında belə birisi yoxdur. Baqratı isə baş nazir postunda təsəvvür etmək doğrudan da gülməlidir…

Görünən odur ki, ermənilərin Koçaryandan da, Sarqsyandan da zəhləsi getdiyindən onların dəstəklədiyi istənilən qüvvə, hərəkat, namizəd fiasakoya məhkumdur. Odur ki, əhalinin Paşinyan üçün “ürəyi getməsə” də, ermənilərin “köhnələrə” olan nifrəti hazırkı baş naziri hakimiyyətdə saxlayır və batmağa qoymur.

Nəticə – Qalstanyanın “hərəkatı” da Paşinyana “bata bilmədi” və bilməyəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password