Əmək Nazirliyinin “insafa gəlməyi” – Sosial yardımda indiyə qədərki qəddar, anti-humanist qaydalar dəyişir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) ünvanlı sosial yardım proqramına müraciət prosedurunu təkmilləşdirib və bu məqsədlə “Ünvanlı yardım” elektron sistemini yenidən qurub.

Bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən aşağıdakı məlumatların qeyd edilməsi tələb olunmayacaq:

Ailə üzvlərinin: 

– pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları,

– əmək haqqı üzrə gəlirlər,

– tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları,

– daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması,

– kommunal xərcləri, telefon nömrələri və xərcləri,

– sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması, – əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi,

– özünüməşğulluq proqramı üzrə müqavilənin olması,

– 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması.

Bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq. Məlumatlar müraciət edən şəxsin müraciətini təsdiqlədikdən sonra müvafiq qurumlardan sorğulanacaq ki, bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq. Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb. Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da infolövhələrdə əks olunacaq.

Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq…

Nazirliyin yaydığı məlumat uzundur və orada vətəndaşların ünvanlı yardım üçün müraciətlərinin elektronlaşdırılmasından bəhs olunur.

Əvvəla, gec də olsa, vətəndaşların rahatlığını, rifahını təmin edən addımlar müsbət qiymətləndirilməlidir. Heç olmazsa, bundan sonra ehtiyac içində yaşayan insanların iztirabları bir qədər azala bilər.

İndi keçək ƏƏSM-in yüngülləşdirdiyi şərtlərə. Məlum olur ki, vətəndaşın dövlət qurumlarından qapı-qapı gəzib toplayıb təqdim etdiyi arayışları nazirlik sorğular vasitəsi ilə özü əldə edəcək. Burada vətəndaşın qazancı bürokratik süründürməçilikdən azad olmasıdır. Amma ünvanlı yardım üçün tələblər dəyişmir. Yenə də vətəndaşın müavinətə ehtiyacı olduğunu sübut etmək üçün dərindən yoxlama tələb olunur.

Burada sual olunur: Azərbaycanda Elektron Hökumət Portalı bir neçə ildir yaradılıb, dövlət qurumları, o cümlədən, ƏƏSM-in bütün qurumları ona inteqrasiya olunub. Maraqlıdır, niyə bu addımlar daha əvvəl atılmayıb? Nazirliyin texniki imkanları ola-ola vətəndaşların müraciətlərini asanlaşdırmaq heç kimin ağlına gəlməyib? Bəlkə, ünvanlı yardım istəyən on minlərlə insanın bu arayış girdabından çıxa bilməməsi ƏƏSM-in işinə yaradığına görə, sistemdəki təkmilləşdirmələri ləngidib?

Yeniliklərdən biri belədir: Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb.

Bu cümlələri oxuyanda adamı dəhşət bürüyür. Necə yəni, ƏƏSM indiyə qədər vətəndaşa niyə bu imkanı tanımayıb? Şübhəsiz ki, indiyə qədər adi bir səhvdən nə qədər insan yardıma ehtiyacı olduğu halda kənarda qalıb. Bu qəddar davranışın səbəbi nə ilə izah edilə bilər? Bəyəm, nazirlikdə əyləşənlər Azərbaycan vətəndaşlarının, xüsusən bölgə əhalisinin texniki savadlılığının nə qədər aşağı olduğunu bilmirlər? Əlbəttə, ritorik sualdır, bu texniki əngəli ona görə qoyublar ki, ünvanlı yardım istəyənlərin sayı az olsun, yalnız ülgücün üstü ilə yerimək qədər qabiliyyətli, ehtiyatlı, səbrli insanlar nazirliyin bu tələsini adlayıb növbəti mərhələyə keçə bilsinlər.

Açıqlamadan məlum olur ki, ƏƏSM-in vətəndaşlara rəhmi gələrək daha bir tələni aradan qaldırıb.

Oxuyun, söhbət nədən gedir:

Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq…

Yəni indiyə qədər yardım üçün müraciət edən şəxs bu məlumatları təqdim edərkən adi texniki səhvə yol verərdisə, ƏƏSM-in insafsız sistemi vətəndaşın gözünün yaşına, çörəyə möhtac olmasına baxmayaraq, onu müraciət etmək hüququndan məhrum edib. Yəqin ki, nazirlik bu qaydanın da gen-bol “bəhrəsini” görüb, on minlərlə müraciətə texniki xətalara görə imtina verib. Mövcud qaydalara görə, bu mərhələdə “yanan” vətəndaş bir də 6 aydan sonra ünvanlı yardım üçün müraciət edə bilər. Yəni yarım il Allah ümidinə yaşamalıdır. Belə çıxır ki, indiyə qədər insani yanaşma olmayıb, sosial nazirliyin işini robotlar görüb.

Ümumiyyətlə əsas problem vətəndaşa yanaşmadadır. Əgər nazir Sahil Babayev sosial xərclərdən edilən yüz milyonlarla manat qənaətlə öyünürsə, nazirliyin alt qurumları məmur mülklərinə kirayə üçün milyonlarla manat ödəyirsə, söhbət bitib. Normal ölkələrdə sosial sahəyə cavabdeh nazirliklər hökumətin, parlamentin boğazından yapışıb daha çox vəsait qoparmağa çalışır ki, dövlətin sosial siyasətini rahat icra etsin, vətəndaşların ehtiyacları qarşılansın və s.

Problemin kökündə dayanan ikinci səbəb vətəndaşların sosial durumu, səhhəti ilə bağlı məlumatların hələ də tam elektronlaşdırılmaması, hökumət qurumlarının fəaliyyətindəki qarşılıqlı etimadsızlıqdır. Normalda belə olmalıdır:

Vətəndaşların bütün məlumatlarının (iş, sağmalıq və s.) toplandığı elektron hökumət sistemi sosial siyasətin icra olunmasında başlıca istinad nöqtəsi, meyar olmalıdır.

Bir nəfər işini itirirsə, dərhal məşğulluq qurumu onunla maraqlanmalı, uçota götürməli, müavinətlə təmin etməlidir.

Bir nəfər xəstəlik səbəbindən sağlamlığını, əmək qabiliyyətini itirirsə, dərhal sosial qurumlar onu nəzarətə götürüb müavinətlə təmin etməlidir. Daha xəstə, əlil, işsiz əlində bir dəstə sənəd dövlət idarələrində qapı-qapı sürünüb yalvarıb-yaxarıb, alçalıb, imtiyaz tələb etməməlidir. Bunu etmək çətin deyil, sadəcə istək olmalıdır.

Mövcud vəziyyət necədir?

Azərbaycanda yoxsulluq həddindən aşağı səviyyədə can süründürən yüz minlərlə insan var. Onların əksəriyyətinin qapısını kimsə döyürmü? Əlbəttə yox! Amma ƏƏSM-in borcu onların qapısını döymək, taleyi ilə maraqlanmaq, dövlətin dəstəyini onlara təqdim etməkdir.

Ölkədə xəstəlik səbəbindən əmək qabiliyyətini itirmiş yüz minlərlə vətəndaş var, amma əlillik müavinəti ala bilmirlər. ƏƏSM onların sinəsindən “təpik”lə vurub geri qaytarır, nəticədə onların çoxunun ömrü yarıda qırılır, amma heç kimin vecinə deyil.

Nazirlik rəsmilərindən soruşmaq lazımdır, bəlkə dövlətin bu insanlara verməyə pulu yoxdur? Ritorik sualdır, əlbəttə var, amma onu vermək istəmirlər.

Yeri gəlmişkən, Milli Məclisə təqdim olunmuş yeni büdcədə sosial xərclər 150 milyon manat azaldılıb, amma nə ƏƏSM-in, nə nazir Sahil Babayevin səsi çıxmır, deputatlar da əllərini qaldırıb-endirib bu antihumansit dəyişikliyə səs verəcəklər.

Vətəndaşların həyatı ilə bağlı qərarlar bu qədər sadə verilir, mexanizim bu qədər bəsit işləyir…

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password