Rusiya dediyini etsə və bu ölkəni vursa…
Bir çox Qərb ölkəsinin Ukraynaya göndərdikləri silahlarla Rusiyanın dərinliklərini vurmağa razılıq verməsi əslində Moskvaya qarşı yeni bir ittifaqın qurulduğunu göstərir.
Bu sözləri Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Ağar vurğulayıb ki, prosesdə diqqət cəlb edən ən ciddi məqam bəhs edilən ölkələrin içərisində Almaniya və ABŞ-ın olmamasıdır:
“Onların hansı mövqedən çıxış edəcəyini zaman özü göstərəcək. Almaniya müharibə başlayandan bəri Rusiya ilə bağlı məsələlərdə həssas davranıb. Ancaq Fransa və İngiltərə birbaşa oyundadırlar. Digər dövlətlər isə kiçik güclərdir. Vəziyyət daha da gərginləşəcək. Artıq Rusiya da bununla bağlı xəbərdarlıq edib. Qərb passiv reaksiyadan Moskvanın daha da cəsarətləndiyini düşünür. Müharibənin Avropaya doğru genişlənmə riski var. Ona görə də belə addımlarla Rusiyanı çəkindirmək istəyirlər. Müharibədə yeni mərhələnin başlayacağını deyə bilərik. Əsas məsələ isə Ukraynanın necə vuracağı və Rusiyanın buna verəcəyi cavabdır. Digər tərəfdən bu addım Rusiyanın göstərdiyi aktiv hərbi təşəbbüsü onun əlindən almaq məqsədi daşıyır. Moskva kollektiv Qərbə açıq şəkildə əsgər göndərəcəkləri təqdirdə onları hələ yoldaykən vuracağını deyib. Bildiyimiz kimi hərbi yardımlar Polşaya gəlir və oradan Ukraynaya daşınır. Verilən açıqlamadan Rusiyanın Polşanı vuracağı nəticəsi ortaya çıxır”.
Ekspert Rusiyanın cavabının müharibənin gedişatına xüsusi təsir göstərəcəyini vurğulayıb:
“Ukrayna Qərbin silahları ilə rus əsgərləri öz ölkələrində vuracaq. Rusiya buna cavab olaraq Qərb ölkələrinə, yoxsa Ukraynaya zərbə endirəcək? Əgər Ukraynada vursa, müharibə öz axarında davam edəcək, ancaq Avropada vursa, bu, avtomatik şəkildə NATO-nun 5-ci maddəsinin aktivləşməsi deməkdir. Lakin həmin maddəyə uyğun şəkildə vaxt itirmədən addımların atılması da sual altındadır. Çünki həmin maddəyə uyğun cavab vermək məsələsi orada da müzakirə və mübahisələrə səbəb olacaq. Rusiya İsveçrə konfransından öncə qorxu yaratmaq üçün Xarkova hücum etdi. Qərb isə cavab verdi: konfransa Rusiya dəvət edilməyib, amma gizli şəkildə görüşürlər. Tərəflərdən birinin hərbi həmləsinə digəri diplomatik həmlə ilə cavab verir. Hərbi addıma diplomatik addımla adekvat cavab mümkündürmü? Bəli, tarix və təcrübə bunun mümkün olduğunu göstərir”.