İrəvan Qarabağla bağlı səhv qərar verdi, indi də… – Tarasov
Həmin kəndlərə gəlincə (Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4-nünü delimitasiya nəticəsində Azərbaycana qaytarılması – red.) Moskva dəfələrlə delimitasiya və demarkasiya prosesində öz dəstəyini təklif edib, lakin Ermənistan Moskvanın vasitəçiliyindən imtina edib. Azərbaycan isə buna qarşı deyildi.
Bu sözləri erməni mediasına açıqlamasında ermənipərəst rus ekspert Stanislav Tarasov deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti birbaşa dialoq yolunu seçdi və düşündüyünü etdi:
“İstəsək də, istəməsək də, bura Ermənistanın ərazisidir və erməni xalqı qərar verməlidir. Bu və ya digər kəndin ölkənin tərkibində olmasının Moskvaya nə fərqi var? Digər tərəfdən, təbii ki, biz vəziyyətin sabitliyində maraqlıyıq, çünki Ermənistanda vəziyyətin sabitliyinin pozulması bütün regionun sabitliyinə xələl gətirir və bu, narahatlıq doğurur. Ermənistanın yeni müttəfiqlər tapmağa çalışmasına gəlincə, bu, onun haqqıdır. Təbii ki, Ermənistanın Qərbə getməsi bizim xoşumuza gəlmir, Moskva bunu yanlış qərar hesab edir, necə ki, Ermənistan Qarabağla bağlı səhv qərar verib, amma təəssüf ki, heç nə dəyişmir”.