Mustafayev iranlı nazirlə danışdı: Razılaşmaların icrası…
Azərbaycan və İran arasında əldə olunan razılaşmaların icrasının vacibliyi vurğulanıb.
Bu barədə İranın Azərbaycandakı Səfirliyinin Teleqram kanalında paylaşım edilib.
Bildirilib ki, ötən gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.
Telefon danışığında Azərbaycan baş nazirinin müavini İran prezidenti və onunla birlikdə həlak olanlarla əlaqədar İran tərəfinə başsağlığı verib.
Telefon söhbətində İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş İran prezidentinin ölümü ilə əlaqədar Azərbaycanın yüksək rəsmilərinin İranın Azərbaycandakı səfirliyində, eləcə də, Tehranda İran prezidenti ilə vida mərasimində iştirak etdiyinə görə öz təşəkkürünü bildirib.
İranlı rəsmi Azərbaycanı 28 May – Müstəqilli Günü münasibəti ilə təbrik edib.
Qeyd edək ki, İran və Azərbaycan arasında “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı ilə bağlı tədbir keçirilib.
İran tərəfi bildirir ki, Qız Qalası hidroqovşağına 5,5 trilyon rial (təxminən 131 milyon dollar) dəyərində vəsait xərclənib. Bu su bəndi ildə 2 milyard kubmetr (1 milyard kubmetr Azərbaycan, 1 milyard kubmetr İran üçün) suyu tənzimləyəcək.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.